Fevralın 4-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində “Mauqli” adlı tamaşanın premyerası keçirilib.
OLAY yazır ki, Ədəbiyyat üzrə Nobel mükafatını almış ilk ingilis yazıçısı Redyard Kiplinqin “Cəngəlliklərin kitabı” və “İkinci cəngəlliklər” kitabları əsasında hazırlanan “Mauqli” adlı tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı İradə Muradova, plastik həll Ceyhun Dadaşov, rejissor assistenti Sona Mustafayevadır.
Yeni tamaşada rolları Əməkdar artist Şəfəq Əliyeva, Əməkdar artist Elnur Bəhramxan, Nurlan Süleymanlı, Aybəniz Heydərova Yaşar Heydərli, Ceyhun Məmmədov, Ramil Məmmədov, Ümman Budaqov, Günel Məmmədova, Hökümə Rəhimzadə, Elgün Yəhyayev, Tahir İsmayılov, Mehriban Hüseynova, Anar Seyfullayev, Hilal Dəmirov, İlqarə Tosova, Könül Əbilova, Ramiq Nəsirov, Nuranə Hüseynova, Fəridə Qurbanova, Xalid Bəkirov, İmdad Tofiqoğlu, İlahə Əmirxanova, Gülbəniz Lətifova, Gülbəniz Lətifova, Xəyalə Qasımova ifa edirlər.
Rejissorun fərdi yozumu ilə rəngarəng əhvallı tamaşadakı hadisələr Afrika qəbilələrinin yaxınlığındakı cəngəllikdə baş verir. Şirxan adlı pələng qəbiləyə hücum edərək Mauqli adlı uşağın atasını parçalayır. Bahira adlı bəbir isə Mauqlini xilas edərək onu cəngəllikdəki canavarlara verir. Mauqli canavar kimi gəzməyi yaşamağı öyrənməyə məcbur olur. O, yaramazlara qarşı amansız, güclü və qorxmaz böyüyür. Mauqli ilə Şirxan arasındakı qırmızı od üzərindəki mübarizənin qələbəsi isə Mauqlinin ilk dəfə göz yaşlı axıtmasına səbəb olur. Bu göz yaşları onun özünü insan kimi hiss etməsinə səbəb olur.
Tamaşanın premyerası çərçivəsində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Askerov Art Studionun tərkibində rəssamlıq fəaliyyəti ilə məşğul olan məktəb yaşlı uşaqların Mauqlinin həyat tərzini əks etdirən rəsm əsərlərinin sərgisi keçirilib.