İncəsənət
İncəsənət

“KinoLab”dan mükafatlı proqram!

“KinoLab”dan mükafatlı proqram!

Ötən ildə yerli sənədli film sferasına bir neçə gənc sənədli film rejjisorunu qazandıran “KinoLab” bu il də yeni proqrama qəbul elan edir. 

OLAY yazır ki, “KinoLab” Azərbaycanın dörd bir yanından sosial mövzulu sənədli film layihələri üzərində çalışan rejissorlara layihələrinin erkən inkişaf mərhələlərindən başlayaraq dəstək olur.

Proqramın İcraçı Direktoru Oktay Namazov bildirir ki, gənc və yeni sənətə başlayan rejissorlar üçün əllərindən gələnləri etməyə çalışırlar:
“İlk ildən məzunlarımızın yerli film festivallarında qalib olması, Beynəlxalq sənədli film məktəblərinə dəvət olunması  “Kinolab”ın qısa  fəaliyyətinin nəticəsidir.”

Tədris proqramı ərzində iştirakçılar beynəlxalq təlimçilər, təcrübəli rejissorlar ilə birgə üç aylıq bir təlimə qoşulur. Bu müddət ərzində bir neçə mərhələdə fərqli mütəxəssislərdən təlimlər, ustad dərsləri, film istehsal laboratoriyası və sairə iştirak edən gənc rejjisorlar film istehsalı üzrə onlara gərəkli olan bütün ilkin prosesdən keçə bilirlər. Təlim proqramı bir çox beynəlxalq mükafatların laureatı olan rejissor, kurator, və təcrübəli təlimçi Nino Orconikidzenin rəhbərliyi ilə keçiriləcək. Onun mentorluğu ilə yanaşı qonaq məruzələri, montaj və pitçinq təlimləri layihənin təkmilləşməsində kömək olacaq. Proqramın son mərhələsində iştirakçıların hər biri jüri qarşısında öz layihəsinin pitçinqini keçirmək şansı əldə edir. Pitçinqin qalibi layihəsinin gələcək inkişafına dəstək məqsədilə 500 dollar həcmində pul mükafatı alacaq.

“KinoLab” innovativ, müyəssər, və sosial reallığı sorğulayan qeyri-bədii hekayələr axtarışındadır, eyni zamanda artıq inkişaf mərhələsində olan layihələrlə də işləməyə açıqdır. Sənədli filmin sərhədlərini sorğulayan yanaşmalarla işləmək maraqlı hesab edilsə də, sırf bədii filmlər qəbul edilməyəcək. Müraciət formu və şərtlər üçün Kinolab.az saytına keçid edə bilərlər.