İncəsənət
İncəsənət

“Ətrafımdakı əqrəbləri yaxınımda saxlamağa çalışıram”

“Ətrafımdakı əqrəbləri yaxınımda saxlamağa çalışıram”

OLAY News24.az-a istinadən İTV-də yayımlanan və sosial şəbəkələrdə daha çox müzakirələrə səbəb olmuş  “Əqrəb mövsümü” serialının aktyoru Azər Aydəmir ilə  müsahibəni təqdim edir:

- Filmin adından başlayaq. Düzdür, çəkicidir, maraq cəlb edir. Amma niyə məhz “Əqrəb mövsümü”?

- Çünki film cinayət mövsümündə- baş verənlərdə əqrəbləri tapmaq uğrunda çabadan bəhs olunur. Yəni mövsüm boyu cinayətkar əqrəbin kimliyi ifşa olunur.

- Adı kimi süjeti də böyük səs-küy doğurdu. Sosial şəbəkələrdə dayanmadan müzakirə olunursuz…

- “Əqrəb mövsümü” yazıçı Ceyhun Hidayətlinin eyniadlı  romanının motivləri əsasında ssenariləşdirilib. Dram, triller, detektiv janrındadır. Filmin ideyası da mənə aiddir. Bəli, film böyük marağa səbəb oldu. Onun uğur qazanmasının əsas səbəbi odur ki, bu iş serial naminə görülməyib, sevərək yaradılıb. Burda da əsas məqsədimiz gerçək bir hekayəni anlatmaqdır. Bütün yaradıcı heyət çox yaxşı serial ortalığa qoymaq istəyib. Filmi çəkməkdə əsas hədəf və məqsədimiz bu olub. Yaradıcı heyət “tez bazar çəkim, o birisinə keçim”, deməyib. Sosial şəbəkələrdə geniş müzakirə olunmağa gəlincə, sözsüz ki, bu, rejissorun istedadından xəbər verir. Məhz onun uğurudur. Istənilən yaradıcı işdə on epizodun onu da möhtəşəm çəkilirsə, epizodlara, səhnələrə ürək və can yandırılırsa, əlbəttə ki, o səhnə möhtəşəm alınmalıdır. Başqa cür ola bilməz!

- Amma izləyicilərin narazı salan məqamlar da var. İrad tuturlar ki, filmdə həddən artıq söyüşlər səslənir…

- İndi kinoda «Çabbaq mərhələ”si, yəni maksimum realizm dövrüdür. Nə zaman pafoslu dönəmə qayıtsaq, onda söyüş olmayacaq. İndi dəbdə budur, ona görə, zamanla ayaqlaşırıq. 10 ildən sonra kinonun dili dəyişsə, biz də dəyişərək. Amma,reallıq budur. Azərbaycanda insan evində söyüşlə danışırmı, danışır! Yaxud, həmkarıyla elə danışırmı, əlbəttə danışır. Biz də bunu ekrana gətirmişik.

- 8-ci bölüm də çox müzakirə olundu. Deyəsən, elə ən çox sevilən də bu bölüm oldu…

- Hə, bu bölümdə altı kuliminasiya seriyasını bitirdik. Məhz bu bölümdə bütün daşlar öz yerinə oturdu. Əsas məqam qatili tapmaqdır ki, buna dramaturgiyada “dərin nəfəs dərmək” deyirlər. Seyrçi də burda o nəfəsi dərir. Ona görə də bu bölüm daha maraqla izlənildi və sevildi.

- Filmin ikinci mövsümü gözlənilirmi?

- İkinci mövsümlə bağlı hələ danışıqlar gedir... Olub-olmayacağı hələlik dəqiq deyil.

- Bəs, sizin həyatınızda necə, əqrəblər çoxdur?

- Sözsüz ki! Ətrafımda o qədər əqrəb var ki… Onları yaxınımda saxlamağa çalışıram.