İncəsənət
İncəsənət

İşdən çıxarılan aktyorlar narazıdır

İşdən çıxarılan aktyorlar narazıdır

Təqaüd yaşları tamam olduğu üçün teatrlardan çıxarılan aktyorlar narazıdır.

OLAY yazır ki, bu barədə “Xəzər xəbər” süjet hazırlayıb. Belə ki, Gənc Tamaşaçılar Teatrının keçmiş işçisi, aktrisa Mənsumə Babayeva teatrdan zorla çıxarıldığını iddia edib:

“Oyunlarım qalıb... Məni o dərəcəyə çatdırdılar ki, ərizəni yazmağa məcbur oldum. Hüquqşünas da başımın üstdə dayanıb ki, ərizəni yazın, yoxsa filan səbəbə görə sizi işdən çıxarırıq. Necə məni işdən çıxarırsan? Teatrda ömrüm gedib. Mən tək deyiləm, mənimlə bərabər 9 nəfər işdən uzaqlaşdırılıb. Təqaüdlə dolana bilmirəm, bunlar da işə çağırmırlar. Nə olsun ki, müqavilə ilə adım gedir. Amma tamaşaları kimlərsə oynayır. Deyirlər, yaşlısan, təqaüddəsən bitdi, titulların yoxdu. Mənim titulum siz müdiriyyətdən asılı olub ki, qiymətləndirəsiz”.

Teatrın mətbuat katibi isə aktrisanın təzyiqlərə məruz qalması iddiasını təkzib edib və onun yaşı ilə əlaqədar teatrdan uzaqlaşdırıldığını bildirib. Həmçinin sənətçini tamaşalara dəvət almamasının rejissorlarla əlaqəli olduğunu, uyğun bir rol olsa, dəvət edilə biləcəyini deyib.

Süjetdə Xalq artisti Valeh Kərimovun da şikayəti işıqlandırılıb. Aktyor Sumqayıt Dövlət Dram Tetarından 8 il əvvəl təqaüdə çıxarıldığını söyləyib:

“Məndən soruşan olmadı. Rəhbər dedi ki, yanvarın 1-dən işə gəlməyin. Çünki yaşınız tamam oldu, sizi azad edirik. O qədər 70 yaşında hər yerdə işləyən var ki, biri də mən olardım. Beynim, ayağım, əlim işləyr, dilim yaxşı danışır, gözüm görür. Daha nə lazımdır? İncimişəm. Çünki bu sənətə girdinsə, ayrıla bilmirsən. Amma məni güclə ayırdılar”.

Teatrdan bildirilib ki, V. Kərimov müqavilə əsasında tamaşalarda rol ala bilər.