Prezident İlham Əliyevin 8 yaşında çəkdiyi rəsm yenidən sosial şəbəkələrdə gündəm olub. 

OLAY qafqazinfo-ya istinadən yazır ki, bir neçə il əvvəl AzPost hərbi mövzuda çəkilmiş rəsmin SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Semyon Sviqunun həyat yoldaşı Rozalina Sviquna hədiyyə edildiyini yazıbmış.

Həmin şəkildə qırmızı mürəkkəblə “Əziz və çox qiymətli Roza xalaya İlhamdan. 1969-cu il” sözləri qeyd edilib.

Bildirilib ki, rəsm barədə illər sonra general Sviqunun nəvəsi Violetta Niçkova paylaşım edib. Semyon Sviqun 1963-67-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edəndə Heydər Əliyev onun müavini olub. Sviqun Moskvaya DTK-nın mərkəzi idarəsinə rəhbər vəzifəyə getdikdən sonra onun yerinə Heydər Əliyev təyin edilib.

V.Niçkova nənəsinin Bakıda keçirdikləri illərlə bağlı generaltsvigun.ru saytında yayımlanan xatirələrində Əliyevlər ailəsi ilə dostluq münasibətlərindən bəhs edib.

O qeyd edib ki, ailəsi Heydər Əliyevin həmin illərdə göndərdiyi təbrik məktublarını qoruyub saxlayıb: “Ailə arxivimizdə Əliyevlərin babama yazdıqları məktublar, teleqramlar bu gün də qalıb. Nənəmin Bakıda yaşadığı illərdə yazdığı gündəlikdə həmin dostluq münasibətləri barədə çoxlu maraqlı xatirələr var. Onlardan biri Heydər Əliyevin oğlu, 8 yaşlı İlhamın Sviqunlar ailəsinə göndərdiyi şəkildir.

Şəkildə SSRİ bayrağı əks olunmuş böyük hərbi gəmi və düşmənə atəş açan hərbçilər təsvir olunub. Havadan paraşütlə düşməyə cəhd edən və suyun içində məhv edilmiş düşmən görünür.

...İlham Əliyev və mən eyni ali məktəbi, MQİMO-nu bitirmişik. O zamanlar eyni dövlətdə doğulsaq da, indi müxtəlif dövlətlərin vətəndaşlarıyıq. Bununla belə, bir ordumuz, bir donanmamız olan dövrün xatirəsi həmişəlik bizimlə qalacaq, başqa cür ola bilməz”.

Prezident İlham Əliyevin 8 yaşında çəkdiyi rəsm