Arı
Arı

Xəyanət “fədai”ləri...

Xəyanət “fədai”ləri...

Media sahəsində çalışanlar yaxşı bilirlər ki, bizim hazır mövzularımız var. Gündəm olmayanda, əlimizə xəbər keçməyəndə, yaxud da açıqlama almaq üçün məsələ tapmayanda onlara üz tuturuq. Bunlar sağlamlıq problemi yaşayan hansısa mədəniyyət adamının, ictimai xadimin  səhhətini öyrənmək, yaxud da bir sual tapıb sorğu keçirmək ola bilər.

Son zamanlar isə televiziyada belə “zapaz” mövzu yaranıb: “Xəyanət”.

Aşığın sözü qurtaranda “nanay-nanay” dediyi kimi, bizim proqramlar da məşhurlara eyni sualı verirlər: “Xəyanətlə bağlı düşüncələriniz?”.

Məsələ burasındadır ki, sualın cavabları daha içacıdan olur. Çünki bizim məşhurlar öz “möhtəşəm” fikirlərini bu mövzudan əsirgəmir, hətta hər dəfə kişinin xəyanətində qadını günahkar bilirlər.

Məsələn, Əməkdar artist Cavanşir Məmmədov ötən aylarda dedi ki, qadın fəxr etməlidir ki, “xoruz”u başqa damda banlayır. Bəli, düz oxudunuz. Bu cümlə bizim efir məkanımızda səsləndi. Həmişə efirdə qadınların geyim tərzini tənqid edən, dilindən “retuz” sözünü salmayan Cavanşir Məmmədov belə qeyri-etik ifadə ilə çıxış etdi. Çox fəlsəfi danışırmış kimi, fikrini də əsaslandırdı, söylədi ki, xoruz da elə xoruz olmalıdır ki, qolunu-qanadını qırıb damdan atmasınlar. Amma özü efir mədəniyyətinin “qolunu-qanadını sındırıb atdı”.

Hələ bu harasıdır? Siz elə düşünürsünüz ki, yalnız kişi məşhurlar həmcinslərinin xəyanətinə haqq qazandırır? Yox! Bizim tanınmış xanım sənətçilər də kişi xəyanətini müdafiə edir. Misal üçün Əməkdar artist Elza Seyidcahanın fikrincə, kişinin xəyanətini bağışlamaq qadının borcudur. O, deyir ki, hər xırda şeyə görə boşanmaq olmaz.

Elza xanımın açıqlamasını qısa şəkildə izah edim. Yəni ki, həyat yoldaşınız sizə xəyanət də etsə, lap başqa xanımla yazışmalarını da oxusanız, ən pisi onları əl-ələ də görsəniz, boşanmamalısınız. Axı, elimizin toy kimi adəti var, amma boşanmaq yoxdur. Ya həqiqətən öləndə çıxmalısan ər evindən, ya da mənən məhv olmalı, şəxsiyyətini alçaltmalısan.

Digər xanım məşhur Xuraman Şuşalı isə çıxıb dedi ki, kişinin qısqanmağı halal, qadınınkı haramdır. Nəyə görə? Guya, qadınlar təkəbbürlü olduqları üçün qısqanır, kişilərin qısqanclıq səbəbi isə qeyrətdir! Hələ deyir ki, ay qadınlar, axtaran tapar, həyat yoldaşınızın telefonunu axtarmayın, yoxsa nəsə tapacaqsınız.

Bu yaxınlarda da deyir ki, xəyanəti o həddə çatdıran qadındır. Qadın elə edir ki, qarşı tərəf də xəyanətə məcbur olur. Xuraman xanım kişi xəyanətinə necə bəraət qazandırırsa, insanın ailəsini dağıdan, xanımını, övladlarını düşünməyən adamlara yazığı gəlir. Lakin özü bu ifadələri səsləndirəndə qadın olduğunu unudur, əslində, xəyanətin xanımın hansısa davranışı ilə əlaqəli olmadığını bilmir.

Ən sona ən qalmaqallısını saxladım. Ona görə ki, bu, həm də digərlərinə ibrət olacaq… Ötən günlərdə müğənni Kərim Abasov da bu mövzuya toxundu. Dedi ki, kişi xəyanət edibsə, qadın bağışlamalıdır. Əgər yaxşı kişidirsə, ailəsinə baxırsa, onu bağışlamaq olar. Sonra da qadınları aşağılayıb söylədi ki, o, gedib ikinci dəfə evlənəcək, ay yazıq, sən nə edəcəksən? Bildirdi ki, qadın uşaqla boşansa, onu alan olmayacaq. Nə isə. Kərimin açıqlaması haqda mən nəsə yazmıram. Çünki ona və bu qeyri-etik sözləri efirdə yayımlayan kanala Audiovizual Şura cavab verdi. Həmin telekanala xəbərdarlıq edildi.

Mən hələ ən çox yadımda qalan bu 4 qalmaqallı açıqlamanı yada saldım. Vaxt olsa, uzun-uzun digərlərini də yazardım. Amma acınacaqlı vəziyyətimizi görmək üçün elə bu dördü kifayət edir.

Son olaraq onu deyim ki, əslində biz bu açıqlamalara nə qədər gülüb keçsək də, dəhşətli vəziyyətdir. Hörmətli məşhurlar, əgər vaxtında tale üzünüzə gülüb populyar olmusunuzsa, bu xalq sizi tanıyırsa, hər sözünüzə diqqət etməlisiniz. Axı, hər birinizin özünüzə görə kütləniz var. Hər nə qədər tənqid etsələr də, dəstəkləyənlərin də olduğunu, sizi örnək ala biləcəklərini unutmayın. Baxmayaraq ki, siz özünüzü pis örnək kimi görmürsünüz. Lakin belə deyil. Elə siz pis örnəksiniz. Bəlkə də bu açıqlamalarınızdan ürəklənən neçə-neçə kişi öz xanımına xəyanət edib, bəlkə də bundan sonra neçə ailə dağılıb. Hansı problemlərə yol açdığınızın fərqindəsiniz? Məncə, deyilsiniz. Qoyun, məmləkətdə Lev Tolstoyun fikrinə əsaslanaraq desək, bir-birinə bənzəyən xoşbəxt ailələr olsun, hərəsi bir cür bədbəxt olan ailələr yox! İcazə verin, sağlam cəmiyyətimiz olsun, övladlar xoşbəxt böyüyüb şəxsiyyət kimi yetişsinlər.

Və hər şeyin cinsiyyətə bölündüyü bu ölkədə xəyanəti kişi-qadın deyə ayırmayın. Çünki həm kişinin, həm də qadının xəyanəti bağışlanmazdır. Bu, qeyrət yox, insanlıq məsələsidir!