Pərviz Hüseyn yazır...
Azərbaycan estradasının əfsanəsi Aygün Kazımova bir daha göstərdi ki, o, sadəcə müğənni deyil, bir məktəb və novatordur.
Bu gün 31 müğənninin onun mahnılarını ifa etməsi təsadüf deyil. Bu, illərlə sənətə verdiyi zəhmətin bəhrəsidir.
Aygün Kazımovanın musiqiləri hər nəslin həyatına toxunub. Onun səsi ilə böyüyənlər də, mahnıları ilə sevgi yaşayanlar da, kədərini, sevincini onun ifasında tapanlar da çoxdur. İndi isə müxtəlif janr və üslubda olan 31 sənətçinin eyni albomda birləşərək “Best of Aygün – ALL STARS” layihəsini təqdim etməsi, əslində, bir millətin musiqi tarixinin önəmli səhifələrindən biridir.
Bu albom sadəcə nostalji deyil, həm də gələcək nəsillərə bir mirasdır. Çünki burada ifa olunan hər bir mahnı həm orijinal melodiyanın gücünü, həm də yeni nəfəsin təzəliyini daşıyır. Aygün Kazımova sənəti ilə göstərir ki, musiqi zamanı aşır, ruhu birləşdirir və hər kəs üçün başqa bir mənaya çevrilir.
Əgər 31 sənətçi eyni anda bir müğənninin repertuarına üz tutur və onu öz səsi ilə yaşadırsa, bu artıq bir fenomenin sübutudur. Aygün Kazımova fenomeni isə Azərbaycan estradasının parlaq ulduzu olaraq bundan sonra da bənzərsizliyini qoruyacaq.
İndi keçək alboma...
“Sevgilim, süz” mahnısı albomda iki cür səslənib. Biri Xalq artisti Zülfiyyə Xanbabayevanın ifasında, digəri isə Azad Şabanovun ifasında. Zülfiyyə xanım mahnını elə oxuyub ki, insan özünü əlində qırmızı şərabla dolu qədəh tutmuş kimi hiss edir. Azadın ifası isə daha çılğın və emosionaldır. O, mahnını çox yaxşı ifa edib.
İlqarə “Карие Глаза” və səs tembri ilə bizi 90-ların Aygün Kazımovasının yanına aparır.
Nəzərə alaq ki, bu yazıda ən çox bəyəndiklərimin adını çəkirəm. Adını çəkmədiyim ifaçılar məndə heç bir emosiya oyatmamış deməkdir...
Xalq artisti Tünzalə Ağayeva “İstəmirəm”i, Əməkdar artist Abbas Bağırov “Təkcə səni” mahnısını, Xatun “Həyatımla oynama”nı, Dilarə Kazımova “Tez gəl”i öz tərzində səsləndirib. Bu, mahnıya rəng qatıb. Dilarə Kazımovanın aranjimanı isə çox gözəldir. Uzun illər sonra Dilarənin əyninə “oturan” yeganə mahnıdır.
Mehinlə Nuranın “Dözmədi Qəlbim” mahnısı albomda yeganə duetdir. Kliplərindəki ikonik obraz və mahnıyla sosial mediada xeyli diqqət çəkirlər. Mahnını fərqli tərzdə təqdim ediblər.
Gülay Zeynallı çox gözəl səs tembrinə malik olsa da, mahnı seçimi yanlış olub. O, “İtkin gəlin”i elə səsləndirib ki, gəlin yenidən itkin düşüb.
İradə İbrahimova səs rəngini bəyəndiyim və dəyər verdiyim sənətçilərdəndir, amma onun da mahnı seçimi yanlışdır. Aygün Kazımova “Məktub”u elə ifa edib ki, sanki həqiqətən məktub tapmışdı. İradə xanım isə mahnını məktub almış kimi yox, e-mail almış kimi səsləndirib.
Murad Arif “Səni düşündükcə” mahnısını özünəməxsus şəkildə ifa edib. Mahnı ona çox yaraşıb. Mahnıda bir azadlıq eşqi var sanki.
Aysel Əlizadə - “Oduma Alışmırsan”, Elvin Babazadə - “Məhəbbətə Hə, Xəyanətə Yox”, Nigar Camal - “Я Девушка Восточная”, Ayaz Babayev – “Mən Sənsiz (Dəli Rüzgar)”, Günay İbrahimli – “Bu Sevgi”, Lalə Məmmədova – “Sənsiz Bir Günüm Olmasın” şirin ifalardır və seviləcək.
YAP10 - S.U.S.-u çox fərqli tərzdə insanlara çatdırıb. Miro “Son söz” mahnısını da öz tərzinə uyğunlaşdırıb. Bu məqamda “Döngə” qrupunu qeyd etməmək günahdır. Onlar “Sənsizliyim”i üsyan edirmiş kimi ifa ediblər.
Səidə Sultan – “Apar Məni”ni illər öncə təqdim etsə də, albomda da yer alması çox xoş olub.
Ümumilikdə, hər kəs fərqli olmağa can atıb və bu gözəl albomu ərsəyə gətiriblər. Hər kəsə xoş dinləmələr. Aylarla albomun üzərində çalışan Aygün Kazımovanın komandasına, sənətçisini bir etapdan digərinə daşıyan Ruslan Ağayevə xüsusi təşəkkürlər düşür.
Mənim hansı mahnını bəyənib, bəyənməməyimdən asılı olmayaraq, qulağınızın pasını siləcək bu zövqlü musiqiləri dinləməyiniz məsləhətdir. Ələlxüsus da rəqəmsal platformalarda.
Təbriklər, Aygün Kazımova! Təbriklər, Azərbaycan musiqisi!