Pərviz Hüseyn
Oktyabrın 4-dən etibarən yerli kanallarımız yeni mövsümə start verib.
Bu böyük qayıdışın bəhrəsini ən yaxşı görən isə Əməkdar artist Könül Kərimovadır. Kərimova ilk olaraq “Bizimləsən” verilişinə çıxdı. Ancaq görünür sənətçi Zaur Baxşəliyevin proqramının adını yanlış anlayıb. Könül xanım, “Bizimləsən” verilişin adıdır. Zaur “Bizimləsən” deyəndə altı gün ard-arda beş verilişə çıxın deməmişdi...
İkinci dəfə Könül xanım “Nanəli” proqramında qonaq oldu. Özü də kişi cildində... Kimsə deyib ki, Könül xanım, bomba ideyamız var, indiyə kimi heç kimdə olmayıb. Gəlin, efirə kişi kimi çıxın, o da inanıb. Yaxşı, deyək ki, çıxdız, buradakı mesaj nə idi? Kişi cildində gəlib kişilərdən imdad diləmək, “onlarsız heç kimik” mesajı göndərmək hansı məntiqə sığır? Bu möhtəşəm ideanın memarı kim idi?
Sitat:
“Bizə deyirlər siz kişi kimi, güclü qadınsız, dözümlüsüz. Ona görə də səbirli, dözümlü olmalısız. Əziz kişilər, gücü də, səbri də, dözümü də sizdən alırıq. Siz var olun ki, biz hər zaman sizdən güc alaq. Sizlər olmasaz, bizim üçün çətin olar.
Amma siz də bizi incitməyin. Qəlbimizi sındırmayın. Bizə toxunmayın, sonda biz zərif qadınıq, ana, bacı və bir ana övladıyıq”.
Güclü, özü ayağı üstdə duran qadınların çoxaldığı, maarifləndiyi bir zamanda ölkənin ən baxımlı kanalında səhər tezdən “Əziz qadınlar, biz çarəsizik, kişilər olmasa, heç kimik, hərə tez-bazar bir ər, sevgili tapsın, amma tək qalmasın, ayıbdır” mesajı...
Savadsız, bilgisiz, öz haqlarını bilməyən qadınların məhz kişilərə möhtac həyat sürdüyü üçün qətl olunduğu bu günlərdə onları təhsilə, elmə, biliyə yönəltməkdənsə, ərə, sevgiliyə yönəltmək “möhtaclıq” sindromunun hansı səviyyəsidir?
Üstəlik bunu öz sənəti ilə, əziyyəti ilə ayaqda duran bir qadın deyir. Depressiyadasız, nə məcburdu, səhər tezdən çıxıb ağlayırsız? Efirə olmasa, yaşaya bilmirsiz?
Bu göz yaşlarını illərdir yalnız olmağın ağrısına verib, Könül xanımı bağışlamaq istəyirdik ki, bir də gördük, o, iki günün içində daha üç verilişə çıxıb.
“Həmin Zaur”, “Mətbəxin ağası”, “7 canlı”...
Təkrar mövzuları qoydum bir kənara, 6 günə 5 verilişə çıxmaqla hansı yenilik əldə edib, hansı yenilikdən danışmaq olar? Bezmədiz proqramlara çıxmaqdan? Arada bir üzünüzə fasilə verin də, özünüz nəfəs almırsız, o dəriniz yazıqdır. “Make up” görməkdən birtəhər olub...
Biz də yazığıq, əziz televiziya işçiləri və gündə 15 verilişə çıxan müğənnilər, bu templə siz yorulmursuz, amma biz sizi görməkdən yoruluruq. Yormayın bizi, yaxşı düşüncələrlə yoğurun. Yoğurun ki, bişə bilək. Yoxsa çiy qalanlar ömrümüzü çürüdüb...