Pərviz Hüseyn yazır...
Zaman-zaman yerli tamaşaçılarımızın əcnəbi müğənnilərə, sənətçilərə olan sevgisi məşhurlarımızı qıcıqlandırır.
Qıcıqlanma prosesinin dərəcəsi o qədər yüksək olur ki, nifrət hədəfi xariciləri sevən tamaşaçı yox, onlar tərəfindən sevilən sənətçilər olur. Necə ki ötən həftəsonu Yıldız Tilbe durduğu yerdə “bambılı” adlandırıldı... Bu Yıldızın nə qədər vecinədir, orası ayrı məsələdir... Amma ki... “Amma”sını indi yazacağam...
Burada konkret sual üzərindən gedək və cavab axtaraq...
Yerli tamaşaçımız niyə sənətçilərimizi sevmir?
1-ci variant: Sosial rifahı aşağı olan insanlar əsasən gündəlik yaşayış və ehtiyaclarını qarşılamaq üçün mübarizə aparır. Bu cür vəziyyətlərdə sənət və mədəniyyətə olan maraq azalır, çünki insanlar üçün əsas prioritetlər qida, sığınacaq və sağlamlıq kimi əsas ehtiyaclar olur. Sənətçilərin yaratdığı əsərlər və fəaliyyəti çox vaxt “lazımsız” və ya “ikincidərəcəli” kimi qəbul edilir.
Sosial rifahı aşağı olan insan hər zaman hər şeyin ucuzunu istəyir, bu musiqi zövqündə də, sənətdə də özünü göstərir. Onlar iki məmmədlik aranjimandakı mahnıları sevir, TikTok-da kiminsə başına suyun töküldüyü videoya gülür. Buna çöpəgülmə psixologiyası demək olar. Sözügedən şəxslər düşüncələrini daha çox maddi problemə yönəltdiyi üçün belə məsələlər üzərində baş yormaq istəmir.
2-ci variant: İnsanlar düşünür ki, gördüyü işlər müqabilində çox pul qazanan müğənnilər onların qazancına sahib çıxır. “Mən işləyirəm, filankəs yeyir” deyimi də buradan yaranıb yəqin. Bu psixologiya xaricdən Azərbaycana gələn sənətçilərə də şamil edilir. Məsələn, bu yaxınlarda dünyanın müxtəlif məkanlarında konsert siyahısı dolu olan Mahmut Orhan haqqında biri yazmışdı ki, bu da azərbaycanlıların hesabına dolanır. Adam “Coachelle” festivalında səhnə alıb, “Bayat-ı şiraz”ı səsləndirib, Kənan Bayramlı kimi bir istedadı dünyaya tanıtmağa çalışır, qarşılığında isə bu şərhə layiq görülür.
Nəinki Mahmut Orhan, onlarla belə misal çəkmək olar. Bunun da əsas və başlıca səbəbi tamaşaçılarda yox, müğənnilərimizdədir. Səbəbini indi yazıram...
X bir müğənni “Getdim, gördüm, gəldim” kimi bir absurd proqramda bu açıqlamanı verir:
“Qurban olum xalqımıza. Onlar olmasa, mən heç kiməm. Onların məclisləri olmasa, biz acından ölərik”
Bu psevdoyaranma, psevdoyaltaqlanma startapları səhəri gün onların əksinə işləyir. Xalq deyir ki, müğənni mənim qulumdur, musiqiçi mənim köləmdir. Pulumu verirəm, oxutdururam, çaldırıram...
Halbuki bu mini yaltaqlanma şouları zamanı sənətçi özünü ayaqaltı edir. İndi onlara bir sualım var: Xalq sənətə gələnə qədər sizin üçün nə edib?
Sən özün bu və ya başqa yolla bu sənətə gəlmisən: yaxşı səsin varsa, enerji sərf etmisən, zəhmət çəkmisən. Yaxşı pulun varsa, sabahını düşünmədən onu xərcləmisən. Yaxşı sevgilin varsa, onun qarşısında boynubükük qalmısan. Sevgilin yoxdursa, bədənini satmısansa, onlarla kişinin təri tərinə qarışıb.
Bütün bu yuxarıda sadaladığım məsələlərdə xalq sənin yanında idi? Deyilsə, niyə özünü əzirsən? Kimsə səni məclisinə çağırırsa, “ay aman, filankəs acdır, çağırım, gəlsin toyda oxusun, pul qazansın” deyə, etmir. Sən onun zövqünü oxşayırsan deyə edir. O, sənin musiqinlə əylənir, rəqs edir. Ona heç bir borcun yoxdur. Çünki müəyyən bir zaman dilimində onun endorfinini artırmısan.
Həmçinin də, xalqın sizə bu mövzuda heç bir borcu yoxdur. İşlətdiyiniz “Sizin üçün oxuyuram, əsərlər yaradıram” kimi cümlələr də bizə keçmir. Çünki sən də özün üçün edirsən, yüksəlmək, gündəmdə olmaq, çox pul qazanmaq üçün...
Xalq və özünüz üçün edəcəyiniz ən yaxşı iş keyfiyyətli musiqi təqdim etməkdir, onu da etmirsinizsə, yüksək keyfiyyətli musiqiyə, musiqiçilərə verilən dəyərə görə paxıllıq çəkməməlisiniz.
Gözəl səsiniz, sənətiniz ola bilər, ancaq çoxunuzun dünya görüşü özü demiş, Validə Abbasovanın şortikinin uzunluğu boydadır...
Şortik demişkən, Nadir Qafarzadə Mahsun Kırmızıgülü səhnədə şortikdə oxuduğu, 9 min adama Bakıda konsert verən Edisi transparan kofta geyindiyi üçün tənqid etmişdi. Demişdi, xalqın qarşısına belə çıxmaq olmaz. Den Reynolds da Bakı konsertindən sonra meymun çiçəyi tutub, çünki tişörtsüz sənətçiyə saysız-hesabsız tənqid, küçə reportajları həsr olunmuşdu. Koftasız müğənniyə necə baxırsınız? Bəs, qızla oğlanın dostluğuna? Təfəkkür erroziyası yaşadım. Mən qaçım...
Amma getməmiş sizdən soruşum, sizcə “Sensiz ölürüm cennette”, “Ruhum depremlere gebe”, “İçimde öyle güzelsin ki, onu kirletmeyeceğim seninle” sözlərini yazan Yıldız Tilbe bambılıdır?