Pərviz Hüseyn yazır...
Mahsun Kırmızıgül 16 il sonra geri qayıtdı. 3 ildir qayıtmaq üçün hazırlaşırmış...
2021-ci ilin son günündə 5 milyon lirə qarşılığında albomunu Show TV-də yayımladı. 17 mahnılıq albom 280 nəfərlik komandanın ərsəyə gətirdiyi, 50-yə yaxın musiqiçinin iştirak etdiyi konsertlə təqdim edildi.
Hər mahnı üçün ayrı xareoqrafiya, ayrı kostyum, Kemal Başbuğun ərsəyə gətirdiyi, vizuallığın və musiqinin ön planda olduğu təqdimat iki gün “Twitter” gündəmini zəbt etdi.
“Hoş geldin” albomu “Youtube” tarixində bir ilki gerçəkləşdirirək 10 mahnı ilə trendə girdi. Albom “Apple”, “Spotify”, “TikTok”, “iTunes” və digər dijital platformalarda, radiolarda siyahılara 1-ci sıradan daxil oldu. Mahsunun yeni albomu Azərbaycan “Youtube” trendində 4 mahnıyla yer aldı.
Albomun səs-küyündən və uğurundan söz açdım, bir az da Mahsunun sənətə, tamaşaçılara, sevənlərinə olan dəyərindən danışım...
İllər ərzində ona, mahnıların həsrət qalan dinləyicilərinin fərqindədir, onlara hörmət edir, yeni mahnılarla yanaşı, kultlaşmış əsərlərini də yenidən daha bəm tonla ifa edərək fərqli duyğular yaşadır.
Qısacası, adam qayıtmaq üçün zəhmət çəkib və qayıdıb. Bu, qayıdışdır! 16 il fasilədən sonra möhtəşəm qayıdış!
İndi bizim sənətdən gedib daha sonra qayıdan, daha doğrusu qayıda bilməyən sənətçilərimə nəzər salaq...
Samir Bağırov...
İllərdir qayıdır, 2-3 verilişə çıxır, mahnı oxuyur, sonra yenə itir. 1-2 il sonra yenidən qayıdır, trendə uyğun olmayan mahnıyla, uğursuz kliplə, yaxud klipsiz. Həmişə zirvədə olduğunu düşünür, amma hazırda zirvədə olanların belə gənc istedadlara, trendlərə uduzduğunun fərqində deyil, qısacası, qayıda bilmir. Bu gedişlə qayıda da bilməyəcək...
Aynur Dadaşova...
Sənətdən getdi, daha doğrusu ərə getdi, sonra ayrıldı, qayıtdı. Uzun illər itəndən sonra camaat konsertlə qayıdanda o “Ay Zaur”un verilişinə çıxmaqla qayıtdığını zənn etdi. Əvvəlki yerində olmadığının fərqindədir. Həmin dönəmlərdə də səs tembrinə və “Sevmişəm mahnısı”na görə məşhur idi. Daha sonra Aqşin Fateh və Elşən Xəzərə yoldaşlıq etməklə bölgələrdə də tanındı. Qayıdandan sonra isə əvvəlki yerində ola bilmədi, bəlkə elə əvvəl də indiki yerindəymiş, sadəcə sosial şəbəkələr yox imiş, bu detalı da unutmaq olmaz.
Rahidə Baxışova...
Gözəlliyi və səs tembri ilə çox gözəl yerdə ola bilərdi, lakin sığındığı qəlib onu qayıtmağa qoymadı. Gündəmdə mahnıları, konsertləri ilə olmaq əvəzinə, ona “pul atan” ustalarla yer aldı. Bir də İlhamə Bədəlova ilə olan qalmaqalı ilə. Qayıtdımı? Təbii ki, yox! Çünki onun da, digərlərinin də yerini artıq başqaları çoxdan tutmuşdu.
Safura Əlizadə...
Mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evlənəndən sonra karyerasının pik vaxtında sənətdən gedən Safura üç uşaq anası olandan sonra geri qayıtmaq arzusuna düşdü. “Ağla” adlı kliplə geri dönüş edən sənətçi sənətdən getdiyi illərdə trend olan, həmin dövrlərdə insanlara təsir etmək ehtimalı olan mahnılar seçməklə düzgün addım atmamış oldu. Özünün dinamik tərzindən çıxıb Yeganənin “Talehim” tərzinə keçməsi ona uğur gətirmədi. Gündəmdə olması isə daha çox bahalı həyat tərzi və ailəsi ilə bağlıdır.
Yeganə Mürsəlova...
Bir zamanlar Türkiyədə bütün musiqi kanallarında az qala eyni anda yayımlanan klipləri, mahnıları ilə gündəmdə olan Yeganə həyat yoldaşı tapandan sonra sənətdən uzaqlaşanlardan oldu. Gedəndə Serdar Ortaç mahnısı ilə dillərdən düşməyən Mürsəlova qayıdanda Ruslan Səfəroğlu ilə gündəmə gəlməyi seçdi. O da təqdimat üçün çox uzağa getmədi, imdadına “Ay Zaur” çatdı. Yeganə qayıtdı, əgər bu qayıtmaq sayılırsa...
Siyahıda bir neçə ad da qeyd edə bilərdim, amma onlar da qayıtmış sayılmırlar. Efirlərdə, verilişlərdə “Biz hər şeyi xalqa borcluyuq, onlar olmasa, heç kimik” deməklə, iş bitmir. Arada bir dinləyicinizə, xalqınıza hörmət edib keyfiyyətli mahnılar, kliplər, konsertlər təşkil edin.
Çoxunuz səhnədə, verilişlərdə tək özünüz toy “tutmursuz”, zövqümüzə, qulaqlarımıza da “toy tutursuz”. Nəysə, toylarda görüşək, əzizlərim!