Arı
Arı

Tarix təkrarlanır – “Eurovision”da geyim qalmaqalı

Tarix təkrarlanır – “Eurovision”da geyim qalmaqalı

Pərviz Hüseyn

Yenə deyəcəksiz, Pərviz danışır, amma danışmasam, olmur.

Bu yazıq uşağa niyə bu paltarı geyindirmisiz, əziz “Eurovision” təşkilatçıları? Elə bil anamın gəlinliyidir, 1992-ci ildən qalıb.

Sona Əzizova “Səs Uşaqlar” yarışmasında məşhurlaşıb. Sonradan isə “Eurovision”a transfer olub. Müsabiqədəki geyimləri özünə uyğun idi.

Əvvəlcə klipdə istifadə edilən geyim tənqid edildi, düşündük ki, səhnədəki geyim uşağa, yaşına uyğun seçilər. Gördüyümüz mənzərə isə bu oldu…

Bu uşaq paltarı deyil axı! Qızın gül kimi səsi, yaxşı mahnısı var, mütləq ortaya bir “əmma” çıxarmalısız? Birinci hazırlanan klipdə qızın qolunu yoxa çıxarmışdız, ikinci klipdə yenə yaşına uyğun olmayan geyim, nəhayət səhnə üçün də qaşlı-zərli libas…

Azərbaycanla bağlı xüsusi qayda var ki, gələnlərin çoxu ağ libasda çıxmalıdır? Bundan öncəki illərdə “Junior Eurovision”da istifadə edilən geyimlərə baxmaq ağlınıza gəlməyib?

Sanki Sona podiumda Fəxriyyə Xələfovanın modelidir. “Azerbaijan Fashion Week”də 1988-ci ilin gəlinlik modelini 2021-ci ilin dəbi kimi tamaşaçılara sırıyacaq. Təşkilatçılar bir az pul “yemək”dən əl çəkib, iş görə bilsələr yaxşı olar.

İnşallah, əsas “Eurovision”da belə biabırçılıq olmaz. Yazıq Samirə Əfəndini də keçən il belə eləmişdiz.

Üstəlik, ağ libas işıqların altında çəkilişə də problem yaradır. Paltarın həm forması, həm materialı işığı əks etdirəndir. Səhnə və teatr ağ libası sevmir…

Allah sizə insaf versin, bir az da gözünüz doysun ki, təşkilati işlərə həssas yanaşa biləsiniz.

Qızımıza isə hər bir halda uğurlar, inşallah, qələbə qazanar. Ona seçim hüququ verilsə, yəqin ki, belə geyim seçməzdi… Daha özənli yanaşsaq, üzüyümüzün qaşı tökülər?