Arı
Arı

İnfluenserlərimizə həsr olunur...

İnfluenserlərimizə həsr olunur...

Bu yazıya başlayanda bildirmək istəyirəm ki, hisslərimi bir kənara qoyub, bütün obyektivliyimlə cümlələri səfə düzəcəm. Hə, belə üsyankar köşə üçün yaman bədii giriş etdim, eybi yox. Keçək mətləbə…

Arada bu sahədən bezib küncümə çəkiləndə, peşə dərdi məni ağuşuna alanda, yarı zarafat, yarı acı reallıqla bir söz təkrarlayıram: Fağır bir media tapmısız...

Arxasını bilirsiniz… Çünki xəbər paylaşan kimi hərə bir tərəfdən tökülür. “Bu kimə lazımdır”, “Nə edək?”, “İşiniz-gücünüz yoxdur” kimi şərhləri oxumaqdan bir təhər oluruq. Hələ ən abırlılarını yazmışam. Bizim taleyimiz budur da, artıq barışmışıq. 

Məni “yandıran” isə mediaya gətirdiklərimizin bizə düşmən olmağıdır. Bəli, düz oxuduz. Hansı ki, başqalarının reklam olar deyə yazmadığı adamları biz ən keyfiyyətli şəkildə bəzəyib-düzəyib oxucuya təqdim etmişik. Düşünməyin ki, kütlə yaratmaq, reytinq qazanmaq üçün etmişik. Qətiyyən. Onlarsız da kifayət qədər reytinqimiz var.

Lakin inkişaf etmək istəyiriksə, dünya mediasına tərəf getməliyik. O dünya mediası ki, bu peşənin sahiblərinə ciddi hörmət edib, həmişə xəbərlərini işıqlandırırlar. Eynilə OLAY kimi. Kimdir onlar? Bizim influenserlər...

Sözlərimizi hamısına şamil etmək ədalətsizlik olardı. Haqqında çıxan xəbərləri hörmətlə qarşılayıb, heç bir reaksiya verməyənlər var. Çünki onlar hansı işlə məşğul olduqlarını və barələrində xəbər yazılmağının nə qədər normal olduğunu başa düşürlər. Bunu anlaya biləcək dərrakəyə sahibdirlər. Çox şükür. 

Elələri də var ki... Bu insanların mediadan zərrə qədər anlayışları yoxdur. Söhbət ondan getmir ki, jurnalistika bilikləri olsun. Yox! Niyə də olsun? Onlar blogerdir, biz jurnalist. Sadəcə məşhur simalardır, az-çox bilməlidirlər ki, nə vaxtsa onlarla bağlı bir xəbər çıxa bilər. 

Bu xəbərlər həmişə yaxşı olmayacaq ki... Pisi də, yaxşını da eyni səviyyədə yazmaq bizim borcumuzdur. Dəqiq, qərəzsiz və obyektiv. İndiyə qədər heç bir xəbəri tam dəqiqləşdirmədən dərc etməmişik.

Heç bir qalmaqalı hər iki tərəfi də dinləmədən yazmamışıq. Hansı ki, açıqlama alıb yazdıqlarımız bizi düşmən gözündə görüb. Niyə? Nə üçün digər tərəfin iddiaları, şikayətləri də yazılıb. Türklər demiş, pardon? İcazə almalıyıq? Məncə, yox! Necə ki, sizin mövqeyinizi dərc etmişik, eləcə də digər tərəfin iddialarını, yeri gəlsə, ittihamlarını yazmaq vəzifəmizdir. Buna görə sizdən icazə almalı deyilik.  Heç olmasa hərəkətlərinə qədər təkrarladığınız türk influenserləri nümunə götürün…

Məsələn, Danla Bilic. Etdirdiyi estetik əməliyyatlara qədər təkrarlayırsınız. Bir Danlanı örnək alın. Qız necə kompleksizdir. Haqqında çıxmayan xəbər qalmadı, birinə də hörmətsizlik etmədi, silinməyi üçün özünə əl qatmadı. Etsə, bilərdik. Çünki türk maqazini o qədər “acımasız”dır ki, dərhal Danlanın mediaya basqısı tirajlanardı.

Yadınıza gəlir, zəlzələdən sonra iş üçün bir məkanda görüntülənmişdi, jurnalist hörmətsizlik etdi. Dedi, deyəsən zəlzələni tez unutmusunuz. Ona belə yerində, ən düzgün cavabı verdi. Sizin kimi hamının birlik olduğu, ən ülvi hisslərindən danışdığı bir məkanda - Şuşada mikrofonu geri çevirmir.

Siz Türkiyədə olsanız, nə edərdiniz? Onlarla sayt haqqınızda xəbər tirajlasa, necə dözüm gətirərdiniz? Məncə, bacarmazdınız. Birinin yazdıqlarını normal qarşılaya bilmirsiniz. Ciddi olmayan xəbərləri də kompleks edirsiniz.

Arada bizə “sarı mətbuat” deyib aşağılamağa çalışırlar. Qətiyyən belə deyil. Biz kifayət qədər jurnalistikanın prinsipləri ilə iş görürük. Yazdığımız adamlara hörmət edirik, sual verməyin ədəbini bilirik. 

Bəs siz niyə bu qədər cılız düşünürsünüz?

Hər şeyiniz dəyişib: özünüzü, adınızı belə sosial şəbəkələrdə dəyişmisiniz, amma düşüncəniz hələ də geridir. 
Düşüncə, baxış bucağını əməliyyatla inkişaf etdirmək olsaydı, bəlkə belə vəziyyət yaranmazdı...

Ötən günlərdə bir hadisə oldu. Bizi də çox məyus etdi. Aparıcı Rövşanə Ağasəfqızı influenser Nagehan Abdullayevaya qarşı kobudluq etdi. Verdiyi suallara göz yuması deyilik. Düzgün deyildi, sonuna qədər də qınayırıq.

Mən isə Rövşanə xanıma iki istiqamətdə qəzəbləndim. 

Birincisi, qonağına yuxarıdan aşağı baxıb, aşağılamağa çalışdığı üçün. Onun işinə hörməti olmasa belə, bunu bildirməməliydi. Ən azından peşəkarlıq etməliydi. Etmədi. 

İkincisi, öz peşəsini dillərə saldığı üçün... Niyə bir Rövşanə Ağasəfqızına görə jurnalistləri “ş”ni “w” ilə yazan influenserlər ağ yuyub, qara sərməlidir? Demirəm hamısı. Fikrini gözəl ifadə edib, sözlərini bütün mediaya yazmadığını deyənlər var idi. Bu başqa məsələ. Şəxsən ümumi  jurnalistika ilə bağlı yazılanları oxuyanda mənə ağır gəldi. 

Rövşanə xanım, etdiyiniz Nagehana yox, mediaya böyük zərbələrdən biri idi. Sosial şəbəkələrdə jurnalistləri kütlənin ağzına atmaq, reputasiyamızı, bizə olan güvəni aşağı salmaq idi. Gördüz də, nə deyildi: “Sizin dövrünüz bitdi, bizimki başladı”.

Onda biz nəyə çabalayırıq? Nə üçün çalışırıq? Siz bütün əziyyəti yerə vurasınız deyə? Yox, mən bunu qəbul etmirəm. Dövrə qalanda media hər zaman olub, olacaq da. Sosial şəbəkələr olmadan əvvəl də var idi, indi də, gələcəkdə də olacaq! Yəni, medianın, televiziyanın dövrü olmur. Daim var. Siz olsanız da, olmasanız da biz varıq. Nə deyiblər - dördüncü hakimiyyət jurnalistikadır, əzizlərim, blogerlik deyil.

Ona görə də mediaya düşmənliyinizi qoyun bir qırağa. Bir az araşdırın, öyrənin. Siz belə edəndə mən şou-biznes nümayəndələrinə şükür edirəm. Çünki adamlar medianın qədrini bilir. Onlar həm də sosial şəbəkələrdən öncəki dövrü xatırlayırlar. Bilirlər ki, jurnalistin işi yazmaqdır. Haqqında iki cümlə də olsa, nəsə yazılırsa, şərəf duymalısan. Deməli, bunu qazanmısan.

Hələ də OLAY-la düşmənlik etmək qəti olmaz! Sizi bizdən başqa yazan yoxdur. Bunu da qəbullanın. Təbii ki, öncədən öz kütləsi olan, başqa sahədən influenserliyə başlayanları istisna edirik.

Misal üçün Aynişan Quliyeva, Aysel Şükür, Nagehan Abdullayeva, Ülviyyə Xəlilbəyli... Bu sadaladığımız şəxslər mediaya həmişə maraqlı olub, digər saytlar da yetəri qədər haqlarında xəbərlər tirajlayırlar. 

Aynişan Əməkdar artistin qızıdır, Nagehan türk televiziyasında kifayət qədər tanınırdı, Ülviyyənin öz sənəti var, Ayselin toyu həftələrlə danışıldı. Onların da nə vaxtsa ciddi təsir göstərdiklərini, xəbərlərin silinməyini istədiklərini eşitməmişəm. Bir status yazıb üsyan edə bilərlər. Bu, anlaşılandır. 

Və yuxarıda adı çəkilənlərlə yanaşı Şəfəq Məmmədova (wefegm), Həmidə Hacıyeva (hemistyle), Nəcibə Əhmədi (Nadjiba), Həmayıl Ələsgərova (Hllyblog) da həmin influenserlərdəndir ki, mediaya düşmən mövqeyində dayanmırlar. 

Təbii, unutduqlarımız da ola bilər… Onlar da bu təşəkkürümüzü öz üstlərinə götürsünlər.

Sözümün canı odur ki, ay əziz, bəzi influenserlər, media qorxunuzla mübarizə aparın. Bu qədər kompleks orqanizmə zərərdir. İşığınız haylayterlərinizdən də parlaq olsun, biz qarşısını kəsmirik. Sizə uğurlar, bol səmimiyyətlər…

Sultan