Dünya okeanlarının orta səth temperaturu iyulda müşahidələr tarixində ən yüksək səviyyəyə çatıb.

OLAY “Qafqazinfo”ya istinadən yazır ki, bu barədə Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidməti məlumat yayıb.

Bildirilib ki, iyulda Atlantik okeanının sahilboyu ərazilərində və Qərbi Aralıq dənizində dəniz səthinin temperaturu rekord həddə yüksəlib.

Qütb bölgələri nəzərə alınmadıqda, qlobal orta dəniz səthi temperaturu 2023-cü ilin iyulunda qeydə alınmış əvvəlki rekordu da geridə qoyub.

Bununla yanaşı, qlobal səth havasının orta temperaturu 2026-cı ilin iyulunda 2024-cü ilin eyni ayı ilə müqayisədə cəmi 0,01 dərəcə Selsi aşağı olub. Buna baxmayaraq, alimlər ötən ayı müşahidələr tarixində ikinci ən isti iyul kimi qiymətləndiriblər.

İqlim məlumatlarının toplanmağa başlandığı dövrdən bəri Qərbi Avropa ən isti iyun-iyul dövrünü yaşayıb.

Kopernikin məlumatlarına əsasən, 2026-cı ilin yayının ilk iki ayında bölgədə temperatur mövsümi orta göstəricidən 2,79 dərəcə Selsi yüksək olub. Bu göstərici dörd il əvvəl qeydə alınmış əvvəlki rekordu da keçib.

Avropa Orta Mənzilli Hava Proqnozları Mərkəzinin iqlimşünası Samanta Burges bildirib ki, Qərbi Avropa üzərində uzun müddət davam edən yüksək təzyiq sistemləri istiliyin bölgədə qalmasına səbəb olub.

Onun sözlərinə görə, yüksək temperatur quraqlığı daha da gücləndirib. Torpağın həddindən artıq quruması isə onun təbii şəkildə soyuma qabiliyyətini azaldıb.

Fransa, İspaniya, Almaniya və Böyük Britaniyanın bəzi bölgələrində quraqlıq çaylarda su axınının azalmasına səbəb olub. Bu vəziyyət su təchizatına, suvarmaya və elektrik stansiyalarının fəaliyyətinə mənfi təsir göstərib.

Məlumata görə, Polşada iki kömürlə işləyən elektrik stansiyası, Macarıstanda isə ölkənin yeganə nüvə elektrik stansiyası soyutma üçün kifayət qədər su olmadığına görə fəaliyyətini müvəqqəti dayandırıb.

İlkin hesablamalara əsasən, iyun ayında müşahidə olunan yüksək temperatur taxıl istehsalçılarına təxminən 2 milyard avro zərər vurub.

Avropa İqtisadiyyat İnstitutunun araşdırmasına görə, quraqlığın təsirləri yalnız kənd təsərrüfatı ilə məhdudlaşmır. İstehsal və tikinti sektorlarında da uzunmüddətli iqtisadi itkilərin yarana biləcəyi bildirilir.

İsti və quraq hava meşə yanğınlarının miqyasını da artırıb.

Avropa Meşə Yanğınları Məlumat Sisteminin məlumatına görə, ilin əvvəlindən etibarən Avropa İttifaqında təxminən 500 min hektar ərazi yanıb.

Meşə yanğınları nəticəsində havanın çirklənmə səviyyəsi də bir çox bölgədə orta göstəricidən yüksək olub.