Mikayıl Güllədinoğlu aparıcısı olduğu “Axşamdan axşama” verilişində müzakirə yaradan görüntülərdən danışıb.
Bu barədə o, OLAY-a açıqlama verib. M. Güllədinoğlu deyib ki, aktrisa Çimnaz Sultanovanın şousunda qəbahət görmür:
“Çimnaz Sultanova aktrisadır, oxuduğu mahnını da obrazlı şəkildə təqdim edib. Gözündə karnaval maskası olub. Tənqid edilibsə, tamaşaçı rəyidir, zövqlər müxtəlifdir. Bizim Xalq artistlərimiz də şou göstərirlər. Hər birinin bir şousu var, mən illərdir aparıcılıq edirəm. Orada qeyri-etik bir hərəkət olmayıb, qəbahətli bir iş yoxdur. Efirə nəzarət var. Elə bir şey olsa, xəbərdarlıq edərdilər. Həm də qonaq gəlməzdən əvvəl MTV-də xəbərdar oluruq ki, kim nəyi, necə oxuyacaq. Çimnaz xanım da iki-üç buraxılış əvvəl qonaq olub. Mən hələ bir xəbərdarlığa rast gəlməmişəm. Qeyd edim ki, aparıcılığa redaktorluqdan keçmişəm. Qeyri-etik hərəkət olsa, özüm icazə verməzdim”.
Qeyd edək ki, Ç. Sultanovanın sözügedən verilişdə gözündə maska, qolunda qandalla rəqsinin erotik görüntü verdiyi iddia olunaraq tənqid edilib.