Sevginizi bölüşməkdə və dəyər verdiyiniz insanlara sevildiklərini hiss etdirməkdə uğurlusunuz?
Yoxsa “Onsuz da onu nə qədər sevdiyimi bilir”, deyib keçənlərdənsiniz? Amma həmin insan bunu zaman-zaman kiçik jestlərlə xatırlamaq istəyə bilər. Heç gözləmədiyiniz anda sizin üçün hazırlanmış sürprizin yaşatdığı xoşbəxtliyi xatırlayın.
Sevdiklərinizə bunu edən şəxs olmaq istəmirsiniz?
Onlara bu möhtəşəm duyğuları yaşatmaq üçün böyük hədiyyələrə ehtiyacınız yoxdur.
Nə qədər səmimi olsanız, bir o qədər də yaxşıdır.
OLAY-ın sizə tövsiyələri var...
Heç gözləmədikləri anda mesaj göndərin.
Votsapda bir mesaj, kağız üzərində kiçik bir qeyd, bəlkə də səsli ismarıc... Fərq etmir! Əhəmiyyətli olan heç gözləmədikləri anda üzlərində təbəssüm yaradacaq bir neçə cümlə qurmaqdır! Bu, “Bir müddətdir bunu demədiyimi başa düşdüm: Yaxşı ki, varsan” kimi bir-iki xoş söz ola bilər...
Onların sevəcəyi gəzinti planı qurun.
Şəhərə yaxın bir həftə sonu tətili, sevdiyiniz musiqiçinin konsert bileti, maraqla gözlədiyi teatr tamaşasına dəvət... Sevdiyinizi hiss etdirməyin ən sadə yollarından biri sevgiliniz, həyat yoldaşınız, ananız və ya ən yaxın dostunuz üçün xoş bir plan yaratmaqdır. Günün sonunda onu necə sevindirdiyinizi görmək ruhunuzu işıqlandıracaq.
Onlar üçün xüsusi pleylist hazırlayın.
Sevgini ifadə etməyin ən yaxşı yolundan istifadə etməyə nə deyirsiniz? Əlbəttə ki, söhbət musiqidən gedir! Bəyəndiyiniz və onun bəyənəcəyini düşündüyünüz mahnıların xüsusi pleylistini hazırlayın və linki göndərin. Yeni mahnılar kəşf edərkən onun üçün xüsusi hazırladığınız bu qiymətli hədiyyə sevdiyiniz insanın üzündə böyük təbəssümə çevriləcək. Buna dəyər!
Yemək hazırlayın.
Sevdikləriniz üçün gözəl bir yemək hazırlayaraq onları xoşbəxt edin. Dostluğunuza, qardaşlığınıza, sevginizə hədiyyə olacaq bu yemək menyusunu hazırlayarkən onun sevdiyi dadlardan ilham ala bilərsiniz. Əslində, ona bir az da şou əlavə edə bilərsiniz! Öz xüsusi reseptinizi yaratmaq üçün bir neçə ədviyyat və ya dad əlavə edin! Sənətkarın öz əsərini sevdiyinə həsr etdiyi kimi...
Ürəkaçıcı detal: "Səni düşündüm" hədiyyəsi
Bunu kim sevmir? Sevdiyiniz insana nəyin bahasına olursa olsun, onu gördüyünüz anda xatırladan bir şey hədiyyə edin. Kiçik, lakin dəyərli hədiyyənizi “Sənə yaraşacağını düşündüm, sənin olmalıdır, səni xatırlatdı” kimi sevgi dolu cümlələrlə bağışlayın. Gün ərzində fərqli detalla onu düşündüyünüzü görmək o insan üçün ən böyük hədiyyə olacaq!
Onların işini yüngülləşdirərək dəstək olun.
Bəzən sevgini ifadə etməyin ən asan yolu dəstək olmaqdır. Həyat yoldaşınızın evə yorğun gəldiyi bir gündə onun vəzifələrindən birini tamamlayaraq ona verdiyiniz dəyəri göstərə bilərsiniz. Axı fədakarlıq sevginin ən xoş əksidir, elə deyilmi?