Əməkdar artist Aybəniz Haşımova qızı Aynişan Quliyeva ilə bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi övladının uşaqlıq şəklini paylaşaraq bunları yazıb:
“Səni sevməyi bir bilsən, necə sevirdim... Baxışının hər küncündə bir dünyam var idi... O dünyam ki, səni alıb aparırdım ucu-bucağı görünməyən uzaq sahillərə... Yenə də yol gedirik səninlə, mənim körpə mələyim. Səni yenə sevməyi çox sevirəm. Amma indi elə bil, bir az gücüm tükənir, axı... Qorxuram sanki, əlini buraxsam, daha yoluma davam edə bilməyəcəm... Ayaqlarım elə bil yorulub, nədir? Amma var-qalan gücümlə yenə də dayanmağa çalışıram, mələyim... Bu şəkli çəkdiyim günü yaxşı xatırlayıram. “Aynim, dayan, şəklini çəkim” – dedim. Hər addımının bir rəsmi var könlümdə... Hamısının adı “Səni sevirəm”di. Səni heç kim mənim kimi sevə bilməz, körpəm... Sən mənim üçün heç vaxt yeri dəyişməyən məhəbbətim, son ümidim, son pənahım, əlimdən var gücü ilə yapışan, məni gücüm tükəndikcə yıxılmağa qoymayan yol yoldaşım... Kaş ki, bütün yola çıxdıqlarımız əlimizdən beləcə yapışa... Bizi yarı yolda qoymaya... Amma yox! Həyatın amansız qanunu var... Bir gün kimsə, istəmədən də olsa, əllərimizi buraxacaq... Mənim kimi... Deyəsən, axı, gedə bilmirəm, daha balam... Çox çalışıram... Amma yavaş-yavaş deyəsən, yaş öz sözünü deyir... O körpə əllərin... Axı, mən hələ böyüməmişəm... Yolun hələ tam yarısıdır, hələ qarşıda çox keçəcəyimiz yollar, çaylar, dənizlər, tufanlar, yağışlar, çovğun qarlar, boranlar var... Sənsiz neylərəm? “Əlimi buraxma” – deyir... Amma mən istəmirəm ki, yavrum bunu bil... Dünyanın amansız hökmü budur... Biz bunu istəməsək də, belədi... Atalar,analar, kimsələrimiz bir gün harasa gedir... Amma darıxma, yavrum... Bir az gücüm qalıbdı... Tam tükənməyib... Hələ ki, dayana-dayana da olsa gedirəm işıqlı-qaranlıqlı dünyanın sayğacı ilə... Gah dayanır, gah da ildırım sürəti ilə keçir zamanı... Beləcə gedirik səninlə uzun ömür yolunu... Mənim “Mələyim” Bu günə qədər sağ əlinlə tuturdun əlimdən, yavrum... İndi isə hər iki əlinlə tut əlimdən,yaxşı... Birdən... düşərəm... Düşdüyüm yoluna qurbanam özüm”.