WOW
WOW

“Çingiz Mustafayev Azərbaycan dilində ilk dicey idi”

“Çingiz Mustafayev Azərbaycan dilində ilk dicey idi”

Dizayner Aynur Xəlilovanın “YouTube” platformasında yayımlanan “Hərşeyşünas” podkastının növbəti buraxılışında tanınmış filosof, bəstəkar-şair və naşir Rasim Müzəffərli qonaq olub.

OLAY yazır ki, veriliş zamanı o, Milli qəhraman və mərhum jurnalist Çingiz Mustafayevlə bağlı maraqlı xatirələrini bölüşüb.

Rasim Müzəffərlinin sözlərinə görə, 1981-ci ildə Tibb Universitetinin tələbəsi olan Çingiz Mustafayev tələbələr arasında tanınan sima olub və diskoteka aparıcısı, dicey kimi populyarlıq qazanıb. Müzəffərli qeyd edib ki, o dövrdə diceylik əsasən rus dilində həyata keçirilirdi və Azərbaycan dilinin bu sahəyə uyğun olmadığı düşünülürdü.

“Biz Çingizlə Azərbaycan Televiziyasında yayımlanan "Ekspromt" verilişinin rejissoru Nazim Zeynalovun təşəbbüsü ilə tanış olduq. Günlərin bir günü mənə dedi ki, Çingiz Mustafayev adında bir cavan oğlan var, sənin kimi fəaldır, musiqi ilə maraqlanır, diceylik edir. Həmin dövrdən etibarən həm "Ozan" qrupunda, həm də televiziyada birgə fəaliyyət göstərdik,” – deyə Rasim Müzəffərli bildirib.

O, həmçinin əlavə edib ki, Çingiz Mustafayevin səhnəyə xüsusi yaraşığı və güclü ritm duyumu var idi. İlk dəfə 1983-cü ildə “Ozan” qrupunun məşqi zamanı Çingizin xarici səfərlərdən gətirdiyi musiqi pleyerində rep janrında musiqi dinlədiklərini xatırladan Müzəffərli, bu janrın meyxana ilə bənzərliklərini gördüklərini və nəticədə “Dünənki keçdi” adlı ilk rep-mahnının meydana gəldiyini bildirib.

“Məni ilk replə elə Çingiz tanış edib. Bu mahnı klassik rep sayılmasa da, Azərbaycan musiqisində yenilik idi. Mahnının ifaçısı isə Çingizin özü oldu. Günlərin bir günü biz “Ozan”la məşq edirdik. Çingiz dedi ki, "Əşi bu nədi e eyni şey, camaat görün necə musiqilərlə məşğuldur dünyada". Və bu vaxt o bizə rep tərzində bir musiqi qoydu dinlədik. 

Əlbəttə bizim “Dünənki keçdi”miz heç də klassik rep mahnısı deyildir, amma biz Çingizin bizə dinlətdiyi musiqidən sonra gördük ki, bunu meyxana ilə bəhri-təvil ilə ümumi hansısa tərəfləri var. Mən sonra böldüm ki, kim nəyi oxuyacaq, kim nəyi edəcək. Çingiz özü təşəbbüs göstərdi ki, yox bunu siz oxuya bilmirsiz özüm oxuyacam”, – deyə o vurğulayıb.

Rasim Müzəffərli onu da qeyd edib ki, “Ekspromt” verilişindəki “Disko mərkəz” rubrikasında Çingiz Mustafayev aparıcı kimi çıxış etməyə başlayıb və bu mərhələdən sonra o, Azərbaycan dilində diskoteka aparan ilk dicey kimi tarixə düşüb.