Aparıcı və prodüser Tarix Əliyev (Tolik) bayağı ifaçıları verilişinə dəvət etməyəcək.
OLAY yazır ki, bu barədə Tolik aparıcısı olduğu “Tarixin bir günü” verilişində bildirib.
O, həmkarlarına eyni addımı atmağa səsləyib:
“Bu yaxınlarda həmkarım Zaur Nəbioğlu ilə danışdıq və belə qərara gəldik ki, efir mədəniyyəti olmayan, konsert salonlarını restoran kimi tanıyan və böyük-kiçik yeri bilməyən müğənniləri efirə çağırmayacağam. Bunu özümə söz vermişəm. Zaur da dedi ki, mən də çağırmayacağam. Bu gün görürəm ki, aparıcı Elgiz Əkbər də onları "boykot" etməyə səsləyib. Biz "boykot" etməyəcəyik. Televiziya tamaşaçılar üçün fəaliyyət göstərir. Biz nə versək, insanlar ona baxacaqlar. Anam evdə nə verirsə, onu yeyirəm. Restoranda olanda fərqli yeməklər sifariş edirəm. Bir-iki ay bunları verməsək, onlar heç kimin yadına düşməyəcək və televiziyalar buna öyrəşəcək. Biz bununla reytinq yox, zövqlü tamaşaçı meyarını gətirəcəyik. Bu müğənnilər qoy bilsinlər ki, efir Tiktok deyil. Özünə hörmət edən aparıcılar birləşərək bu işi görməlidirlər. Qoy getsinlər tiktok-da trend, yutubda brend olsunlar. Bura gəlməyin, bizdən uzaq, Allaha yaxın”.