“Bu evdə “yumruq” məsələsi şiddət göstərmək anlamına gəlmir. Kişinin evdə sambalı və sözünün kəsəri olmaldır. Evə girəndə uşaq bilməlidir ki, ata gəlib. Kişi evə girir arvadın, uşağın vecinə deyil ki, gəldi. Kişi səhərdən axşama kimi çalışır, gətirir, yedizdirir, baxır, onu ödə, bunun pulunu ver, təhsilhaqqı ödə, kommunalın pulunu ödə, toya dəvətnamə gəlib, pul ver. Haqqın tərəfin tuturam, kişilərin yox. Elə kişilər var ki, ailə qədri bilmir, uşaq necə böyüyür bilmir. Atıb arvadın üstünə. Arağı olsun, kefində olsun. Evin başını buraxır. Burada diqqətcil, ailəcanlı balalarını qanadının altına yığan kişilərdən danışıram”.
OLAY yazır ki, bu sözləri müğənni İzzət Bağırov qonaq olduğu “YouTube”da yayımlanan “Künc-bucaq” verilişində deyib.
Sənətçi son zamanlar boşanmaların sayının çoxalması ilə bağlı məsələyə belə münasibət bildirib:
“Evin kişisindən qorxmaq lazım deyil. Ailədə sayqı lazımdır. Bilinsin ki, evin kişisi var, evə kişi gəlir. Mənim sözlərim kiminsə xoşuna kiminsə xoşuna gəlməyə bilər. Boşanmalar çoxalıb. Bəzən xanımın tələbi kişinin qazancına uyğun olmur. Filankəsdə var, bizdə də... Boşanan qızdan soruşanda niyə boşandın? Cavab verir ki, narkotik çəkirdi, içki içirdi, əyyaş idi. Soruşsan ki, bəs nişanlı qalanda görmürdün narkotik çəkir, içki içir? Cavab verir ki, evlənəndən sonra oldu. Əgər evlənəndən sonra içki alüdəçisi, alkaş oldusa, problemi kimdə axtaraq? Bir gündə evlənmədiniz ki... Nişanlıqalmısınız da, bilmirdin? O zaman evlənməyəydin də…”