WOW
WOW

“Əlim gəlmirdi vida mətni yazmağa…” - Leyla

“Əlim gəlmirdi vida mətni yazmağa…” - Leyla

Aparıcı Leyla Quliyeva mərhum aktyor Azər Baxşəliyevlə bağlı paylaşım edib.

OLAY yazır ki, o, instaqramda bu sözləri yazıb:

“Neçə vaxtdır ürək eləmirdim yazmağa… Hamı yazdı, hamı sağollaşdı. Mənim əlim gəlmirdi, bəlkə də, vida mətni yazmağa… Ələlxüsus da Azər haqqında… Yazacaqlarım əslində Azəri tanıyanlar üçün deyil, daha çox tanımayanlar üçün, onu sadəcə ekrandan görənlər üçündür. Heç kim əvəz olunmur. Kimsə kiminsə yerini vermir. Yaraların da hamısı sağalmır. Sadəcə qəbullanırsan. Çarəsizlikdən. Heç nəyi dəyişə bilməyəcəyini anladığından… Qırx gün yox, lap qırx il keçsə də gözün axtarır. Telefondan nə adını silirsən, nə yazışmalarınızı. Bir neçə gün əvvəl kanalımızın WhatsApp qrupuna gələn paylaşımı oxuyanda Azərin adını qrup üzvlərinin içində gördüm. O qrupda Azər yenə bizimlədir. Otaqda da. Söhbətlərimizdə də. Ürəyimizdə də… Hər şeyi bir kənara qoysaq, Azər İnsan idi. Tanıdığım ən təmiz, nəcib, saf, gözütox, dürüst və mədəni beş nəfərdən, bəlkə də üç nəfərdən biri idi o. Sevinirəm ki, heç olmasa bir neçə ümumi işimiz oldu. Onu həm də son dərəcə istedadlı, maraqlı bir müəllif kimi tanıdım. Çox məsuliyyətli, dəqiq adam idi Azər. 

Dedisə – edəcək! Xəstəxanada olsa da, saysız-hesabsız müayinə, müalicə, iynə-dərmanlar onu haldan salsa da, ağrıdan ikiqat bükülsə də – edəcək! Sözünün ağası… Ağsaqqalı idi… Özü də bu, təkcə “qonorarlı” layihələrə aid deyildi. Təmənnasız, “xahiş”lə olan işlərə bəlkə də daha artıq həssaslığı vardı. Dost idi Azər. Bacarırdı, bilirdi dost olmağı. Bunu ən yaxın dostlarından, onların ağrısından da gördüm. Azərin yadigarlarına etdikləri o “Əmi payı”ndan da… Zülyadan danışanda xoşbəxt olurdu Azər. Üzü, gözləri gülürdü… Elə indi də hamının üzünü güldürən təsəllidir o balaca qız. Bir də Azərin xanımı – həyat yoldaşı, dostu… Tək özünün yox, Azərin də arzularını gerçəkləşdirmək üçün nə lazımsa, edəcək. Əminəm. O, iki nəfərlik missiyanı tək yerinə yetirəcək. “Tək ananın böyütdüyü qız” olmağın çətinliyindən də, məsuliyyətindən də, qürurundan da xəbərdardır… Xəbərdaram!… Bu qədər, Azər… Nə siz bizə qonaq gəldiniz, nə biz sizə. Heç o söz verdiyin “kofe” də içilmədi. Eybi yox, geci-tezi var. Bir gün mütləq görüşəcəyik… Ruhun şad olsun, Azər! Hələlik!…”.