Dünya şöhrətli Hollivud aktrisası Ancelina Coli anası Marçelin Bertrandla birlikdə Colinin atası Con Voytun başqa bir qadınla birlikdə nüfuzlu “Oskar” mükafatını alarkən televiziyada necə izlədiklərindən söz açıb.
OLAY yazır ki, bu haqda sənətçi kino tənqidçisi Leonard Maltinlə söhbətində danışıb.
“Anam iki azyaşlı uşağı olan evdar qadın idi. Amma onun arzusu aktrisa olmaq idi. Məni dünyaya gətirəndə onun iyirmi yaşı vardı. O, çox məşhur bir kişidən boşanıb və evdə uşaqları ilə birlikdə onun başqa bir qadınla Oskar qazanmasını izləyirdi”, - deyə Coli vurğulayıb.
Ancelina anasına çox minnətdar olduğunu deyib:
“Bu, bizim ailə tariximizin bir parçası oldu. O, mənim və qardaşımın yanında idi və bu, onun seçimi idi. Və o gecə hiss etdiyi şey həmişə yaddaşımda qalacaq”.
Qeyd edək ki, Con Voyt və Marçelin Bertrand 1971-ci ildə ailə qurub və yeddi il birlikdə yaşayıblar. Onlar 1976-cı ildə, Ancelina anadan olandan bir il sonra ayrılıb və yalnız bir neçə ildən sonra rəsmi olaraq boşanıblar. Daha sonra o, aktrisa Ceyn Fonda ilə görüşməyə başlayıb. Onlar “Evə qayıdış” filmində birlikdə rol alıblar. Hər iki aktyor buna görə “Oskar” və “Qızıl Qlobus” mükafatını alıb.
Ancelina Colinin anası yumurtalıq və döş xərçəngi ilə uzun sürən mübarizədən sonra 2007-ci ildə vəfat edib. Coli uzun illər atası ilə danışmır, indi də onların münasibətləri çətinləşib.