Müğənni Cennifer Lopezin Kaliforniya ştatında iki həftədir davam edən yanğınlardan əziyyət çəkənlərə köhnə geyimlərini göndərməsi birmənalı qarşılanmayıb.
OLAY yazır ki, amerikalı ulduzlar yanğın qurbanları üçün təşkil olunan xeyriyyə işlərində fəal iştirak edirlər. Cennifer Lopezin isə heç nəsiz qalan insanlara şəxsi geyimlərini göndərdiyi üzə çıxıb.
“Daily Mail”ın yazdığına görə, müğənni böyük qutular hazırlayaraq onları yük maşını ilə boşaltma məntəqəsinə göndərib. Lakin bu jestdən hiddətlənənlər olub. Sosial media istifadəçilərinin bir çoxu ulduzun köhnə əşyalarını göndərmək əvəzinə ehtiyacı olanlara külli miqdarda pul ayırmalı olduğunu bildirib.
İnternet istifadəçiləri ulduzun addımı belə şərh ediblər: “O, 5 milyondan çox ianə verməli və ora gedib fiziki köməklik etməlidir”, “Heç kim onun marka paltarını geyinmək istəmir”, “Donasiya mərkəzləri günlərdir deyirlər ki, paltar qəbul etmirlər. Orda lazım olandan daha çox paltar yığılıb. Onlara pul, yemək və sığınacaq lazımdır”, “Onu satsa və ya nağd şəkildə versəydi, daha yaxşı olardı”.
O da vurğulanıb ki, sənətçi topladığı geyim qutularına təmizləyici vasitələr və nəmləndirici krem də daxil olmaqla, özünün JLO kosmetik məhsullarından bir neçə paket əlavə edib.