Bakıya gəlməyə hazırlaşan Alsu “VKATIT” şousunda övladlarına heç nəyi qadağan etmədiyini etiraf edib.
OLAY yazır ki, rus müğənni qeyd edib ki, böyük qızları ilə hər zaman bərabər olmaq və özünü onların yerinə qoymağa çalışır.
Sənətçinin üç övladı var: 18 yaşlı Safina, 15 yaşlı Mikella və səkkiz yaşlı Rafael. Onun sözlərinə görə, qızları hazırda şıltaqlıq etmək, söyüş söymək və nəyisə sınamaq istədikləri bir yaş mərhələsindən keçir. Müğənni bunun yeniyetmələr üçün dünyanın öyrənilməsi baxımından normal bir mərhələ olduğunu düşünür.
“Əgər mən onlara nəyisə qadağan etsəm, onlar bunu yenə də edəcəklər. Daha yaxşı olar ki, mən bundan xəbərdar olum. Mən həmişə deyirəm: Heç vaxt, heç bir halda sizi danlamayacağam. Nə etsəniz də, həyatda nə baş versə də, mənə gəlib danışsanız, mən sizi danlamayacağam. Sadəcə, vəziyyəti həll etməyə kömək edəcəyəm, nəsə məsləhət verəcəyəm, amma mənimlə dürüst olmalısınız”, – deyə, müğənni fikirlərini bölüşüb.
Alsu əlavə edib ki, yalnız yalan danışmağa görə övladlarını danlayır. Müğənni övladları ilə etimada əsaslanan münasibət qurduğunu vurğulayıb.
“Mənə elə gəlir ki, onlar mənə hər şeyi deməsələr də, demək olar ki, hər şeyi danışırlar”, – deyə, Alsu bildirib.
Qeyd edək ki, Alsu Bakıda konsert verməyə hazırlaşır. O, 14 fevralda Bakı Konqress Mərkəzində səhnəyə çıxacaq.