“Vətəndaş A” serialının prodüseri Sevinc Əliyeva ekran işi ilə bağlı maraqlı açıqlamalar verib.
OLAY yazır ki, bu barədə o, jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan “Pərvizə görə” verilişində danışıb.
Sənətçi layihənin çəkiliş prosesindən söz açıb:
“İlk bölüm yutuba yüklənəndə çox həyəcanlı idim. Bilirdim ki, yaxşı işdir. Çünki serial çəkilməmişdən əvvəl beynimdə necə olacağını bilirdim. Demək olar ki, Azərbaycanın yarısını gəzdik, fərqli rayonlara getdik, Qubaya, Qusara, Lənkərana… Gördüm ki, bütün kəndlər turistikdir. Mən vizual olaraq digər kəndlərimizdən seçilən kənd istəyirdim. Mənim üçün vacib idi ki, məktəb də köhnə olsun. Uşaqlar Gədəbəyə gedəndə təsadüfən Daşkəsəndəki məktəbi görüb şəklini atdılar. Dedim, sabah gəlirəm. Elə oldu ki, getdik, yarım saat ərzində 3 hava dəyişimi gördüm. Yağış yağdı, günəş çıxdı, birdən bulud gəldi… Dedim ki, bura tam istədiyimdir. Yaşıllığı da o qədər solğun idi ki… Baxmayaraq ki, yay ayları idi. Orada dəmir zavodu var, 1990-cı ildə bağlanıb. Havada dəmir zolaq var, onlar paslanıb, bir növ vahimə basır ki, burada həyat dayanıb. Bu ab-havadan təsirlənərək dedik ki, burada çəkəcəyik. Çoxu dedi ki, çətin olacaq. Çünki heyət də böyükdür, onları Daşkəsəndə saxlamaq çətindir. Biz Gəncədə yerləşdik, hər gün çəkilişə getdik-gəldik. Şamaxıda çəkilişlər oldu. Bayan kəndi mənim üçün çox maraqlı kənd idi. İnsanları da maraqlı çıxdı. Ümumiyyətlə, biz serialda uydurulmuş bir kənd göstərmişik. Belə bir kənd Azərbaycanda yoxdur. Sözsüz ki, heç kəsin xətrinə dəyməsin. Bayan bizim kəndimizdir, amma biz elə göstərdik ki, belə bir kənd yoxdur. Baş verən hadisələr reallıqdır, gündəmdədir, təhsillə bağlıdır. Deməzdim ki, insanları aqressiv göstərdik, cahilliyi əks etdirmək istədik. Almaz müəllimi Günəş xanım canlandırıb. “Vətəndaş A” Cəfər Cabbarlının “Almaz” əsərinin motivləri əsasında çəkilib. Sadəcə biz onu indiki dövrə, reallıqlara adaptasiya etmişik. Hamımızın həyatında ədalətin tərəfdarı olan insanlar var. Ona adiyyəti olmayan məsələri də həll etmək üçün çalışar. Əsərin özünə də nəzər yetirsək, görərik ki, müəllim kəndə dərs deməyə gedir, lakin görür ki, onun da işinə aid olmayan problemlər var. Çalışır ki, həll etsin. Yəni, yeni insan insanları problemdən xilas etməyə gəlir…
Orada yeniyetmələri evində gizlətməsi məsələsində insanlığa toxunduq. Almaz ilk dəfə deyir ki, olmaz, uşaqların israrından sonra fikrini dəyişir. Doğrudan da o qız tapılsa, bilmirik başına nə gələ bilər? Öldürə də bilərlər. Orada empatiya qurur, düşünür ki, bir gün qalacaqlar. Elə olur ki, iki-üç gün və daha artıq qalırlar. Serial 12 bölümdür, 11 bölümü 11 gün kimi davam edir, sadəcə sonuncu seriyada vaxt dəyişimi olacaq. Orada evlərdən ikisi Bakıdadır. Daşkəsəndə 49 gün çəkiliş davam etdi, digər səhnələri Şamaxıda çəkilirdi. Bəzi problemlər çıxdığı üçün rayona gedib-gəlməyə çatdırmırdıq. Hava şəraiti də dəyişmişdi. Biz evin içindəki çəkilişləri Bakıda çəkdik. Üstəlik kəndəki evlərin içi tam istədiyimiz kimi deyildi, balacaydı. Sağ olsunlar kəndlilər şərait yaradırdılar, ilk vaxtlarda bizi çox istəyirdilər, sonra bezdilər. Dedilər, kino çəkənlər 1-5 günlük gəlmişdi. Sonralar kəndə girəndə uşaqlar qışqırırdılar ki, kino çəkənlər gəliblər. Biz gedəndə sevindilər…”.