Əməkdar artist Sevda Ələkbərzadə mərhum atası, yazıçı Çingiz Ələkbərzadənin həbsindən və xəstəliyindən danışıb.
OLAY yazır ki, bu barədə o, jurnalist Pərviz Hüseynin “Pərvizə görə” layihəsində açıqlama verib.
O, atasının həbsdən sonra xəstələndiyini söyləyib:
“Düşündüm ki, “Salam, Allahım” mahnısında atamın sözlərindən əlavə edim. Çünki bir hayqırtı var. Atamı məndən yaxşı kim tanıyacaq? Bildim ki, o, onu yazanda nələr çəkib. Bu mahnıda bizim ailənin faciəsi var. İndiyə qədər o bizim içimizdə qalıb. Atam azadlığı sevən insan idi. AzTV açılandan orada işləyirdi, lakin ştata düşmürdü ki, 1-dən 6-ya qədər bir yerdə otura bilmərəm. Həmişə oradan ora, buradan bura gedirdi, azadlığı sevirdi. Birdən-birə elə bir insanın zindana düşməyi.... Biz 15 gün sonra atamızı ziyarətə gedəndə, gördük necə arıqlayıb. Əslində kök insan idi, amma stressdən sonra elə olmuşdu. Guya 12 ildə 400 rubl atam rüşvət götürüb. Haradasa iki il iki ay həbsdə oldu, yaxşı vəkili var idi. Şər insanı hara gətirir... Atam bəraət qazanmışdı. İllər keçib, hələ də danışılır. İnsan içində necə yanıbsa, mən günahkar deyiləm deyə... İndi də qızı danışır. Əslində qızı danışmır, onun səsidi, onun hayqırtısıdı, mən danışıram. Bu, o dərəcədə haqdır ki, danışılır. Bunu edən insan bilirəm ki, həyatda xeyir tapmadı.
Atamda altsheymer xəstəliyi oldu. Bu da təəccüblü deyildi, o qədər stressdən sonra... Hamını, hər şeyi unutdu, bizi də tanımırdı. Bir tək öz adını deyirdi ki, Çingiz Ələkbərzadə! Son vaxta qədər də dedi. Atam vəfat edəndə biz onun yanında idik. Birdən gözlərindən anladım ki, əqli yerinə gəldi, hamını tanıdı. Kişi kişi kimi yaşayır, kişi kimi də gedir. Əlini çənəsinin altına qoydu, dedi ki, gedirəm, qorxmayın. Anamın əlindən öpdü, getdi. Qorxmadı ki, ölürəm. Dedi ki, gedirəm. Düzdür, ölüm haqqdır, amma mən ölümə inanmıram. Bu, sənin bir həyatdan digərinə keçişindir. Buna adım kimi əminəm. Bir də aradakı əlaqə qırılmır. Görürsən yaxın adamın dünyasını dəyişir, yenə də səni onunla bağlayan nələrsə olur. Çünki o, səni görür, sən onu görmürsən. Atam həbsdən çıxandan sonra problemləri başlamışdı. Sadəcə anlamırdıq, fikriləşirdik ki, stress keçirib, nevrolojidir. 62 yaşı olanda atam dünyasını dəyişdi. Oradan çıxandan sonra o insan eyni deyil. Amma yazırdı, gecə oyanıb səs eşidirdim ki, yenə nələrsə yazır”.