“Mən zəngin insan deyiləm. Çox sadə bir həyat tərzim var. Müəllim oğluyam, özüm də müəlliməm. Heç zaman aşıb, daşmamışam. Musiqi müəllimiyəm. Mənim 18 illik pedoqoji fəaliyyətim var”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Sahib İbrahimov qonaq olduğu “Elgizlə izlə” verilişində deyib.
Keşməkeşli həyat yolundan söz açan sənətçi bildirib ki, kiçik yaşlarından toylara gedərək ailəsini dolandırıb:
“Əvvəllər kasıb olan vaxtımız da olub. Tələbə vaxtı aclıq da görmüşəm, siçovullarla zirzəmilərdə də yaşamışam. Bunların hamısını yaşamışam. Həyatda elə bir şey yoxdur ki, mən yaşamayım. Kiçik yaşlarından mən ailəmi dolandırmaq kimi yüküm də olub. 13-14 yaşından toylara gedib, qoşa nağara da çalmışam, oxumuşam və evə çörək pulu gətirmişəm. Gətirdiyim pulu da anama verirdim. Evə kömək edirdim. Mən Qazaxın kəndindənəm. Orada 7 illik musiqi məktəbinə gedirdim. Bəzən avtobusdan gediş haqqı verməmək üçün qaçdığım vaxtlarda olub. Evdən verilən 20 qəpik pulu saxlayırdım ki, özümə “korjik” şirniyyatı alıb, yeyim. Belə vəziyyətimiz də olub. İnsan həyatın bütün çətinliklərini görməlidir ki, bu həyata öyrəşsin, alışsın və insanlıq mərtəbəsinə gəlib çıxsın. Amma şan-şöhrətdən başı gicəllənib keçmişini unudanlarda var. Onların sayı da çoxdur. Sadə həyat tərzi yaşayıb sonradan varlanıb və bundan başı gicəllənən insanlar da var”.