Ötən gün faciəvi şəkildə həyatını itirən Liam Peynin pərəstişkarları onun keçmiş nişanlısı Maya Henrini hədəf alıb.
OLAY yazır ki, buna səbəb Mayanın bir müddətdir Liamla bağlı açıqlamaları və may ayında işıq üzü görən kitabı olub. Belə ki, Maya bir neçə gün öncə baş tutan canlı yayımda kitabdakı hekayələrin gerçək olduğunu açıqlayıb. Kitabda isə qəsəbədə böyüyən gənc qızın anidən model olması, pərəstiş etdiyi musiqi qruplarından birinin keçmiş üzvü ilə eşq yaşamasından bəhs olunub.
Bundan başqa, əsərin baş qəhrəmanı müğənni sevgilisi tərəfindən fiziki və psixoloji şiddətə məruz qalıb, aborta məcbur edilib. Bütün bunların öz yaşadığı hekayə olduğunu deyən Maya Liamın təhdidi ilə üzləşdiyini söyləyib. Bir müddətdir təzyiqə məruz qaldığını söyləyən M. Henrinin bu açıqlamalarından sonra Liamın faciəvi şəkildə ölməsi onu linç mərkəzinə qoyub. Lakin gənc qızın heç bir günahı olmadığını yazanlar, onu müdafiə edənlər də olub.
Qeyd edək ki, keçmiş cütlük eşq yaşamağa başlayanda Mayanın 18, Liamın 26 yaşı olub.