Məşhurluğu ilə qardaş ölkə Türkiyə və Avropanın sərhədlərini aşan “Kit Sebastian” (Merve Erdem ve Kit Martin) jazz-pop qrupu Azərbaycanın əfsanəvi hitləri ilə bağlı paylaşım ediblər.
OLAY yazır ki, Almaniyada fəaliyyət göstərən sözügedən qrup Xalq artisti, Eldar Mansurovun bəstələdiyi və mərhum müğənni Firəngiz Rəhimbəyovanın ifa etdiyi “Bu sevgi”, Rafiq Babayevin “Molodoy Kolos”, Zeynəb Xanlarovanın “Görmüşəm səni”, Akif İslamzadənin “Saçlarına gül düzüm” və “Sevil” vokal-instrumental ansamblının “Yollar” adlı mahnılarını “Sevdiyimiz 5 Azərbaycan mahnısı” başlığı altında video formatında instaqramda təqdim ediblər.
“Kit Sebastian” həmin nəğmələri yazan bəstəkarlar və onları səsləndirən müğənnilərlə bağlı fikirlərini bu şəkildə ifadə ediblər:
“Biz artıq bir müddətdir ki, Azərbaycan musiqisi ilə maraqlanırıq, istər folklor, istər estrada, istərsə də diskoteka və Azərbaycandan kənarda onun musiqisi haqqında məlumatın olmaması çox vaxt çaşqınlıq yaradır. Özünəməxsus musiqi vəzni sistemi üzərində qurulmuş zəngin musiqi ənənəsinə malik Azərbaycan 20-ci əsrin ikinci yarısına bir neçə parlaq caz və estrada bəstəkarları ilə qədəm qoyub, Qərbin ritmlərini öz musiqi ənənələrinin texnikası ilə qarışdırıb. Əvvəldən “Kuytu” mahnımızdan tutmuş son trekimiz “Metropolis”ə qədər Azərbaycan musiqisindən təsirlənmişik…”