Müğənni Sevda Sanaliyeva xoşagəlməz hadisə ilə üzləşib.
OLAY yazır ki, bununla bağlı sənətçi instaqramda məlumat yayıb.
Sanaliyeva bildirib ki, o artıq bir müddətdir naməlum şəxs tərəfindən yaşadığı binanın ətrafında davamlı şəkildə izlənilir:
"Bəli, sözün əsl mənasında qapımda "manyak" yatır. Eyvana çıxa bilmirəm, eyvanın altında dayanır. Bloka girə bilmirəm, qaranlıq tərəfdən birdən-birə qarşıma çıxıb, məni qorxudur. Gördüyünüz bu maşınla hər gün eyvanımın altında dayanır. Hara gedirəmsə, bu şəxs məni izləyib, arxamca gəlir və məni izləyir. Uzun müddətdir ki, həyatımı belə yaşayıram".
Müğənni yaşadığı binanın avtodayanacağında nəzarət kamerası tərəfindən gecə saat 01:00 radələrində qeydə alınan görüntüləri yayımlayıb.
Sözügedən kadrlarda Sevda maşını ilə avtodayanacağa daxil olub liftə sarı gedərkən həmin şəxs qaranlıqdan çıxır ona sarı getməyə cəhd edir.
Həmin hadisədən qorxduğunu dilə gətirən Sanaliyeva liftin önündən uzaqlaşdığını söyləyib.
Daha sonra Sevda evə qalxdıqdan sonra naməlum şəxsin onun qapısına qədər gəlib.
Görüntülərdə sənətçi qapının arxasından qışqıraraq ondan hüquq mühafizə orqanlarına şikayət edəcəyini deməsi yer alıb.
Daha sonra həmin şəxs Sevdanın mənzilinin qapısına gələrək saatlarla zəngi basıb.
Sevda deyib ki, bu olaylar səbəbi ilə qorxu və sarsıntı keçirib.
Müğənni yaşadıqları ilə bağlı paylaşdığı videoaçıqlamada bunları dilə gətirib:
"Belə mövzu ilə gündəmə gəlmək istəməzdim. Hər kəs bilsin ki, əgər mənə nəsə olsa səbəbkarı bu insandır. Məsələ ilə bağlı polisə müraciət etmişəm, ərizələr yazmışam. DİN-nin 102 çağrı xidmətinə dəfələrlə şikayət etmişəm. Sahə polisi ilə bir neçə dəfə danışmışam. Ərizə yazıb, şikayətimi bildirmişəm. Hətta bu məsələ ilə bağlı məhkəməyə getmişəm. Məhkəmə məni İcra Hakimiyyətinə yönləndirib. Uzaqlaşdırma qərarı çıxartdırmaq üçün orada getmişəm. Bu qərarın çıxması üçün bir az zaman tələb olunur. Amma mən bilmirəm buna vaxtım var, yoxsa yox. Bəlkə də bu qərar çıxana kimi mən olmayacağam. Dünən və əvvəlki günə qədər yaxşı qutardım. Amma bu gün nə olacaq - bunu mən bilmirəm. Əgər mənə nəsə olsa, bilin ki, səbəbkar bu insandır. Bəlkə valideyinlərim yoxdur və mən təkəm, ona görə ürəklənib belə hərəkət edir. Amma mənim Allahım var. Məni qoruyan Allahım var, ona çox güvənirəm. Azərbaycan polisinə çox güvənirəm. Kömək istəyirəm. Üzümü tuturam o insana və deyirəm ki, əgər yenə arxamca düşüb, məni izləsən, övladlarıma yaxın gəlib, onları danışdırmağa çalışsan, sənin üzünü daha açıq şəkildə göstərəcəyəm, adını və soyadını deyəcəyəm, qoy səni hər kəs tanısın və hər kəs özünü səndən qorusun. Videoda gördüyünüz kimi, bu şəxsin əlində nəsə olur və onu əlində gizlədir. Bu gün mən yaxşı qurtardım, amma sabah başıma nə gələcəksə bilmirəm. Sabah bu şəxs nə edəcəksə, mən bilmirəm. Bu vəziyyətdən isə mən çox narahatam. Bu şəxsin məni təhdid etməyi və qorxutmağı ilə bağlı səs yazıları var. Lazım olsa, o səs yazılarını da yayımlayacağam. Hələ ki dözüb, səbr edirəm. Ümid edirəm ki, bunları yaymağa ehtiyac qalmaz. Yaydığım bu videolar ona bəs edər. Əgər bu insandan kiməsə ziyan dəyibsə, mənim sosial şəbəkə hesabıma yazsın".
Qeyd edək ki, Sevda Sanaliyevanın bir qız və bir oğlan övladı var.