“İndi baxıram, dünən dostluğumda bir qız əvvəldən saat təyin edərək, canlı yayımda intihara cəhd edib. Sağ olsun, ürəyi böyük insanlar, tez məsələyə qarışıb, polisə xəbər verib, qızı xilas eləyiblər. Bildiyim qədəri ilə sağdır”.
OLAY yazır ki, bu sözləri feysbukda aktyor Taleh Yüzbəyov qeyd edib. O, intihara cəhd hadisəsi ilə bağlı xoşagəlməz şərh yazanları qınayıb:
“Kaş, bir də belə bir şey eləmək istəməsin. Bu məsələnin bir tərəfi. Məsələnin o biri tərəfi isə buna reaksiya verən bəzi insanlardır. “Özünü öldürən sakitcə öldürər!”, “Şou göstərir!”, “Özünü öldürməyin o qədər yolu var ki!” və bu qəlibdə komment yazanlardır. Elə bil qızı intihar eləyib, ölmədiyini görə qınayırlar. Samuraydır o? Harakiri eləyirdi? Sakitcə intihar eləsəydi, daha yaxşı olardı? Bu, insan həyatıdır. Adam başqasının uğuruna sevinməyə bilər, amma ölüm cəhdinə pis olmalıdır! Lap götürək kimdənsə acıq çıxmaq istəyir. Lap kiminsə diqqətini öz üzərinə çəkir. Yenə də bu ölümdən daha yaxşı deyilmi?! Əsas odur, o qız indi həyatdadır. Kaş, bütün intihar edənlər əvvəldən başqalarını xəbərdar edərdi. Kaş, başqalarına qarşı bu qədər qəddar olmazdıq”.