“OceanGate” turist gəmisinin “Titanik”in dağıntıları üzərinə enməsi faciəyə səbəb olub.
OLAY yazır ki, sonuncu dəfə şirkət iyunun 15-də ekspedisiyanın gedişi barədə Twitter-də yazıb, “OceanGate” də itkini təsdiqləyib və nəqliyyat vasitəsinin axtarışını elan edib. Guardian-ın məlumatına görə, orada beş nəfər olub.
Daha sonra ABŞ-ın axtarış-xilasetmə əməliyyatı üçün C-130 hərbi-nəqliyyat təyyarəsi, Kanadanın isə Boeing P-8 Poseidon sualtı əleyhinə patrul təyyarəsi ayırdığı bildirilib.
ABŞ Sahil Mühafizəsinin sözçüsü Con Mauger bildirib ki, “Titan” sualtı gəmisinin ekipajının ölümünə səbəb partlayış olub. Söylənilib ki, tapılan gəmi qalıqları itmiş sualtı “Titan”a məxsusdur. Qeyd edək ki, turistləri “Titanik”in qəzaya uğradığı yerə aparan sualtı qayıq iyunun 19-da Atlantik okeanında itib.
Mogerin sözlərinə görə, həlak olanların ailələri artıq insidentlə bağlı məlumatlandırılıblar və əlavə məlumat toplayan batiskafın qalıqlarının aşkar edildiyi yerdə dərin dəniz sualtı gəmiləri işləyir.
Qayıqda 5 nəfər olub. Onlar barədə qısa məlumatı təqdim edirik:
- Əvvəllər “Blue Origin” raketi ilə kosmosa uçan britaniyalı milyarder və dəfələrlə cənub qütbündə olmuş 58 yaşlı səyyah Hamiş Hardinq;
- “OceanGate Expeditions” şirkətinin baş direktoru, 61 yaşlı Stokton Raş;
- 48 yaşlı britaniyalı iş adamı Şahzadə Davud. O, Pakistanın ən zəngin ailələrindən birinin üzvü və Böyük Britaniya və Şimali İrlandiyanın kralı III Çarlzın təsis etdiyi iki xeyriyyə təşkilatının üzvüdür. Onun 19 yaşlı tələbə oğlu Süleyman Davud;
- Keçmiş Fransız Dəniz Donanmasının dalğıcı, 77 yaşlı Pol-Anri Narqole. O, “Titanik” qəzasında digər tədqiqatçılar ilə çox vaxt keçirib və 1987-ci ildə onu ziyarət edən ilk ekspedisiyanın tərkibində olub.
Qeyd edək ki, partlayışda həyatını itirmiş Stokton Raş barədə isə maraqlı fakt üzə çıxıb. Məlum olub ki, onun həyat yoldaşı Vendi Raş 1912-ci ildə “Titanik” gəmisində həlak olan bir cütlüyün nəslindəndir.
Belə ki, o, həmin hadisədə ölən pərakəndə ticarətlə məşğul olan İsidor Straus və həyat yoldaşı İdanın böyük nəvəsidir.
Böyük Britaniya hökumətinin milli arxivinə görə, I. Straus Nyu-Yorkun “Woodlawn” qəbiristanlığında dəfn edilib. İdanın nəşi isə heç vaxt tapılmayıb.
Gəmidə ölən 19 yaşlı Davudun xalası isə onun dənizin altına getmədən öncə çox qorxduğunu, lakin Atalar günü münasibətilə valideynini məmnun etmək üçün gəmiyə mindiyini söyləyib.
Dünyada səs-küy yaradan bu faciə ilə bağlı “Titanik” filminin rejissoru Ceyms Kemeron da danışıb.
“Kapitanın gəmisinin önündəki buzlanma ilə bağlı dəfələrlə xəbərdar edildiyi və yenə də sürətlə bir aysberqə çırpılması, Titanik fəlakətinə bənzər olması insanı məəttəl qoyur”, - deyə, o, söyləyib.
Xatırladaq ki, təşkil edilən 8 günlük turun qiymətinin adambaşına 250 min dollar imiş.