Gözəllik dünyasında bir müddətdir hökm sürən “clean girl” estetikası yavaş-yavaş yerini daha cəsarətli və maksimalist görünüşlərə verir.
OLAY yazır ki, bu dəyişikliyin diqqətçəkən simalarından biri isə Zara Larssondur.
Pop ulduzunun rəngarəng, daş-qaşlı və parıltılı makiyajlarının arxasında vizajist Sophia Sinot dayanır. İkilinin yaradıcı əməkdaşlığı canlı rəngli göz kölgələri, parıltılar, “rhinestone” daşlar və “Y2K” ab-havası ilə diqqət çəkir.
Zara Larssonun səhnə makiyajlarında bəzən göz ətrafını bəzəyən daşlar, bəzən isə üzün müxtəlif hissələrinə yerləşdirilən rəngli detallara üstünlük verilir. Şimal işıqlarından kəpənəklərə qədər müxtəlif mövzulardan ilhamlanan bu görünüşlər makiyajı əsl sənət formasına çevirir.
Minimalist gözəllik anlayışından fərqli olaraq daha sərbəst və əyləncəli yanaşmanı mənimsəyən Sinot makiyajın şəxsi yaradıcılığı əks etdirməli olduğunu düşünür. Zara Larssonun cəsarətli görünüşləri də məhz bu yanaşmanın əksidir.
Rəng, parıltı və daşların ön planda olduğu bu yeni dövr gözəllik dünyasında maksimalizmin geri qayıtdığından xəbər verir.