2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
OLAY yazır ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi və əldə olunan sübutların tədqiqi zamanı Əli-zadə Xəyal Məzahir oğlunun sözügedən cinayətin təşkili və törədilməsinə rəhbərlik etməsinə əsaslı şübhələr müəyyən edilib. Bununla əlaqədar onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək cinayət təqibi davam etdirilib.
Xəyal Əli-zadə Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb və istintaqdan qaçıb gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

Aparılmış axtarış tədbirləri nəticəsində Xəyal Əli-zadənin Birləşmiş Ərəb Əmirliklərində olduğu müəyyən edilib. Ötən müddət ərzində Xəyal Əli-zadənin ekstradisiyası ilə bağlı Azərbaycanın Baş Prokurorluğu tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Baş Prokurorluğun vəsatəti əsasında Ədliyyə Nazirliyi tərəfindən göndərilmiş sorğu nəticəsində o, 2026-cı il yanvarın 11-də Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətli orqanları tərəfindən tutulub və sonradan Azərbaycana ekstradisiya edilib.
Cinayət işinin ibtidai istintaq davam etdirilib, toplanmış mötəbər sübutlar əsasında Xəyal Əli-zadəyə Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə cinayətini təşkil etmə) maddəsilə ittiham elan edilib, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İbtidai istintaq tamamlanaraq cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilib və baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, prokurorluq orqanları tərəfindən aparılmış ibtidai istintaq nəticəsində Vüsal Şilderin qətlinə görə daha əvvəl İsgəndərov Elman Seyidağa oğlu Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tamah məqsədilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma, gəzdirmə) maddələri, Talıbov Seymur Teymur oğlu isə həmin Məcəllənin 120.2.1-ci və 120.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və cinayət işi baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Müvafiq məhkəmə hökmləri ilə sadalanan cinayətlərdə təqsirli bilinərək Elman İsgəndərov 15 il, Seymur Talıbov isə 12 il maddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
(c) Qafqazinfo