55 yaşlı keçmiş gözəllik kraliçası Beatris Keul iddia edir ki, vəfat etmiş maliyyəçi Ceffri Epşteyn Donald Trampın təşkil etdiyi gözəllik müsabiqələrindən gənc qızları seçmək üçün istifadə edib.

OLAY yazır ki, Keulun sözlərinə görə, Epşteyn onları alçaldıcı şəkildə “təzə qurbanlar” adlandırırdı. Söhbət 1993-cü ildə keçirilən “American Dream” gözəllik müsabiqəsindən gedir. Vaxtilə “Miss İsveçrə” və “Miss Avropa” müsabiqələrinin iştirakçısı olmuş Beatris Keul bildirib ki, iştirakçıların seçimi təsadüfi olmayıb. Onun sözlərinə görə, gənc qızlar şəxsi görüşlərə məcbur edilir, tanımadıqları kişilərlə ünsiyyət qurmağa sövq olunurdular. Keul iddia edir ki, bu prosesdə Epşteyn və model biznesi ilə əlaqəli olduğu deyilən daha bir şəxs iştirak edib.

Keulun iddiasına görə, müsabiqə ən cazibədar qızların seçilərək Epşteynin cinayət sxeminə cəlb edilməsi üçün bir vasitə kimi istifadə olunurdu. Onun sözlərinə əsasən, maliyyəçi gənc modelləri Mar-a-Laqoda keçirilən qapalı məclislərə dəvət etmək üçün onlara uçuş və yaşayış xərclərinin ödəniləcəyini vəd edirdi.