Fotoqraf Darrin Lyons Şahzadə Diananın həyatının son anlarında çəkilmiş fotolarını ictimaiyyətə təqdim etdikdən sonra ölüm təhdidləri aldığını iddia edib.
OLAY yazır ki, “paparatsiyaların kralı” kimi tanınan Lyons hesab edir ki, bu təhdidlər şahzadənin ölümündə əli olan şəxslərin izlərini gizlətmək istəyindən qaynaqlanıb. Onun sözlərinə görə, ofisini fotolarla birlikdə partlatmaqla hədələyiblər.
Lyons bildirib ki, Diananın ölümündən sonra bir çoxlarının hədəfinə çevrilib. O deyib ki, həyatı kabusa dönüb: telefon danışıqları dinlənilib, ofisinə mütəmadi olaraq ölüm təhdidləri gəlib. Hətta bir gün iş otağına daxil olarkən şübhəli saat səsi eşidib və az sonra uzaqda qaçan bir kölgə gördüyünü söyləyib.
Məlumata görə, Darrin Lyons qəza baş verdikdən cəmi bir neçə dəqiqə sonra Diananın son fotolarını əldə edib. Lakin onun vəfat etdiyini öyrənəndən sonra həmin şəkilləri satmaqdan imtina edib və polisə təhvil verib. Lyons bu gün həmin hadisələri xatırlayaraq, “bu intriqalar və sirlər içində sağ qalmağım böyük şans idi” deyə bildirib.