Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
OLAY “Qafqazinfo”ya istinadən yazır ki, Türkərdən şikayət edən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini general-mayor Ceyhun Rzayevdir.
Ceyhun Rzayevin şikayəti əsasında Türkər şübhəli şəxs qismində tutulub.
Məsələ ilə bağlı Türkərin vəkili Hikmət Əliyevlə də əlaqə saxladıq. Vəkilin sözlərinə görə, müdafiə tərəfi olaraq ittihamı qəbul etmirlər və zəruri sübutlarını təqdim edəcəklər: “Hazırda ölkə xaricindəyəm. Amma işdən tam xəbərim var. Onu deyə bilərəm ki, bu, mülki xarakterli bir məsələdir, cinayət faktı yoxdur. Bütün sübutlarımızı istintaq orqanına və məhkəməyə təqdim edəcəyik”.
General qızı barədə hələlik məhkəmə qərarı yoxdur. O, hazırda prokurorluqda ifadə verir.
Qeyd edək ki, Türkər Əliyeva tanınmış mediatordur. Ceyhun Rzayev isə uzun illər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN) işləyib.
Sail Ağasəlim
