Əməkdar artist Lalə Məmmədova və reper YAP10 “Düşün Gecələr” adlı yeni birgə layihələrini kliplə birlikdə təqdim ediblər.
OLAY yazır ki, sözügedən mahnı reperin aprelin 17-də işıq üzü görən “Romantik” albomuna daxildir.
Sözləri və musiqisi YAP10-a məxsus olan bu bəstə bitmiş bir münasibətin ardından yaşanan peşmanlıqdan və ayrılığın gətirdiyi həzin darıxma hissindən bəhs edir. Gecələrin gətirdiyi kədərli xatirələrə fokuslanan mahnıda tərəflərin bir-birinə olan bağlılığı və taleyin bu cütlüyə gülməməsi vurğulanır.
Layihənin piano ifası Camal Qurbanova, aranjimanı isə Rafiq Novruzov və Nihad Məlikova məxsusdur. Mahnının miks-masterinqi yenidən Nihad Məlikova həvalə olunub.
Ekran işinin rejissorluğunu Bahti Baba, görüntü rejissorluğunu isə Çingiz Qulaməliyev üstlənib. Klipdə hər iki sənətçinin stili üzərində Nərgiz Əşrəfzadə çalışıb və Lalə Məmmədovanın geyimi dizayner Aynur Xəlilova tərəfindən hazırlanıb.
Xatırladaq ki, bu, sənətçilərin sayca ikinci iş birliyidir. İfaçılar daha əvvəl "Lalə" adlı duetləri ilə böyük rəğbət qazanmışdılar.