Məşhur türk aktyor Oktay Kaynarca “Murat Yeter’lə Folk Söhbetleri” verilişinin qonağı olub.
OLAY yazır ki, o, “Kurtlar Vadisi” serialında canlandırdığı “Süleyman Çakır” obrazının hələ də unudulmamağından danışıb. Aktyorun sözlərinə görə, obrazın 8 aprel 2004-cü ildə serialda öldüyü gündən etibarən hər il həmin tarixdə sosial şəbəkələrdə yenidən gündəmə gəlir, hətta onun adına qiyabi cənazə namazı qılınır və ehsan halvası paylanır.
Oktay Kaynarca bu maraqlı vəziyyətlə bağlı zarafatla “Hər il 8 aprel səhəri oyanıb baxıram ki, yenə aləm bir-birinə dəyib. Mən də qoşuluram, sevənlərinə başsağlığı verirəm. Vallah, heç cür ölə bilmirəm” deyə bildirib.