Radio və Televiziya Üst Qurumu (RTÜK) üzvü Tuncay Keser növbəti iclasdan çıxan qərarları açıqlayıb.
OLAY yazır ki, NOW kanalında yayımlanan, Ay Yapım istehsalı olan “Kıskanmak” serialının üç bölümündə evlilikdənkənar münasibət və xəyanət mövzularının “intensiv şəkildə” işlənməsinin milli-mənəvi dəyərlərə və ümumi əxlaqa zidd olduğu, ailə institutuna zərər vurduğu əsas gətirilərək kanala 3 faiz həcmində inzibati pul cəriməsi tətbiq edilib.
Keser bildirib ki, Halk TV də cəzalandırılıb. “Para Siyaset” proqramında Keçiören bələdiyyə sədrinin CHP-dən istefasının müzakirəsi zamanı jurnalist Uğur Dündarın, şair Can Yücelin vaxtilə insan bədəninin bir hissəsini açıq şəkildə ifadə etdiyi üçün mühakimə olunduğu iş üzrə verdiyi müdafiəni eyni formada sitat gətirməsi kobud və arqo hesab edilib. Bu səbəbdən kanala 2 faiz inzibati pul cəriməsi verilib.
Tuncay Keser qərarların səs çoxluğu ilə qəbul edildiyini vurğulayıb və əlavə edib:
“Qərəzsizlik media xidmət təminatçıları ilə yanaşı, RTÜK üçün də əsas meyardır. Oxşar məzmunların bir çox media qurumlarında yayımlanmasına baxmayaraq, davamlı olaraq eyni kanalların cərimələnməsi qərəzsizliyə kölgə salır.”