Narkotik maddələrlə bağlı istintaq çərçivəsində müğənni Edis haqqında aparılan araşdırmada onun Məhkəmə-Tibbi Ekspertiza Qurumunda verdiyi testin nəticəsinin pozitiv çıxdığı öyrənilib.

OLAY yazır ki, İstanbul Respublika Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində bir neçə gün əvvəl 25 şübhəli şəxsə qarşı əməliyyat keçirilib.

Əməliyyat zamanı 17 nəfər saxlanılıb.

Saxlanılanlar arasında aktyor İsmail Hacıoğlu, modelyer Kemal Doğulu, idmançı Adem Kılıçcı, müğənni Murat Dalkılıç və Duman qrupunun solisti Kaan Tangöze də yer alıb.

Evlərində tapılmayan bəzi şəxslər barəsində isə axtarış qərarı çıxarılıb. Onlardan biri də xaricdə olduğu müəyyən edilən müğənni Edis olub.

Barəsində axtarış qərarı olan Edis Görgülü Türkiyəyə qayıdarkən hava limanında saxlanılıb.

İstanbul Polis İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşlarına təhvil verilən müğənni polis bölməsindəki prosedurlardan sonra Məhkəmə-Tibbi Ekspertiza Qurumuna göndərilib.

Burada ondan qan və saç nümunələri götürülüb. Prokurorluqda ifadə verdikdən sonra isə müğənni məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Narkotiklərlə bağlı istintaq çərçivəsində Məhkəmə-Tibbi Ekspertiza Qurumunda test verən Edisin nəticələrinin pozitiv olduğu müəyyən edilib.