“DreamFest 2026” beynəlxalq musiqi festivalının ikinci günü keçirilib.

OLAY yazır ki, yerli və xarici ulduzlar öz növbəsində gümüşü xalıdan keçərək KİV nümayəndələrinin suallarını cavablandırıblar.

Tədbirin ikinci günündə iştirak edən Xalq artisti Tünzalə Ağayeva imici ilə fərqlənib. Pop ulduzun geyimi, onun bəstəkar kimi mahnıya çevirdiyi görkəmli Azərbaycan şairlərinin şeirlərindən seçilmiş misralarla naxışlanıb. Ağ geyiminin üzərində yer alan şeir misraları obrazına həm poetik ovqat, həm də fərqli bir zəriflik qatıb. Bununla yanaşı, libasın üzərində Tünzalə Ağayevanın portreti də əks olunub. Söz və təsvirin ahəng içində qovuşduğu bu xüsusi geyim sənətkarın yaradıcılığının 25 illik yubileyinə ithaf edilib və onun sənət yoluna zərif bir ehtiramın ifadəsinə çevrilib.

Beş ay ərzində hazırlanan geyimin müəllifi dizayner Lali Rüstəmova, libasın üzərində əks olunan portret isə rəssam Nərgiz Hüseynovaya məxsusdur. Xalq artistinin saçı və makiyajı üzərində isə stilist Sabir Bağırov çalışıb.