Rusiyalı reper Cigan Moskva ətrafındakı elit qəsəbədə uşaqları evdə gizləndiyi bir vaxtda öz işçilərini təxminən 10 saat girov saxlayıb və onlara silahdan atəş açıb.

OLAY yazır ki, hadisə iyunun 3-dən 4-nə keçən gecə baş versə də, bu barədə yalnız indi bəlli olub. Cigan hazırda İsraildəki reabilitasiya mərkəzindədir.

İnsident “Şato Soveren” kottedj qəsəbəsində baş verib. Məlumata görə, “Sayqa-9” karabini ilə silahlanmış artist xidmətçiləri və mühafizəçiləri qonaq otağında kilidləyərək onları qəsd qurmaqda, informasiya sızdırmaqda və millətçilikdə günahlandırmağa başlayıb. Musiqiçi silah hədəsi ilə işçilərdən birini pedofiliyada təqsirləndirərək özünə böhtan atmağa məcbur edib, həmin şəxs qaçmağa cəhd etdikdə isə onu qolundan və ayağından yaralayıb.

Gülləbaran zamanı Ciganın uşaqları evdə şkaflarda gizləniblər və telefonsa Samoylovaya baş verənlər haqqında danışıblar. Qonşuların və tanışların ifaçını sakitləşdirmək cəhdləri əlbəyaxa dava ilə nəticələnib. Yekunda musiqiçini zərərsizləşdirmək mümkün olub, insidentin üstü örtülüb və o, məcburi şəkildə İsraildəki reabilitasiya mərkəzinə göndərilib.

Samoylovanın təcili olaraq Milandan Moskvaya qayıtdığı, uşaqları götürərək onlar üçün psixoloq tutduğu və şəxsi mühafizəni gücləndirdiyi bildirilir. Jurnalistlərlə söhbətində o, baş verənləri təsdiqləyib.

Hazırda Cigan İsraildə qiyməti 5 milyon rubl olan “VIP” mərkəzdə müalicə olunur. Atışma insidentindən sonra o, sərt şərtlər altında saxlanılır: telefonu yoxlanılır, siqaret sorğu ilə verilir, hərəkət edərkən isə onu mühafizə müşayiət edir. Reper təkadamlı palatada qalır, davamlı olaraq məşq edir və dörd psixiatrla çalışır. Xüsusilə qeyd olunur ki, qohumları hələlik onunla görüşməyə hazır deyillər.

Ciqan işçilərini girov götürdü: “Uşaqlar şkafda gizlənmişdi!”