Sərvəti 3 milyard dollar qiymətləndirilən Cənubi Koreyalı milyarder Kvon Hyeok-Bin keçmiş həyat yoldaşı Li Hva-Cinə rekord məbləğdə, 1,9 milyard dollar təzminat ödəyəcək.

OLAY yazır ki, bu qərar boşanma proseslərində ödənilən məbləğ üzrə ölkə rekordunu yeniləyib.

Məhkəmənin qərarına əsasən, ölkənin dəyərinə görə üçüncü ən böyük oyun şirkəti olan “Smilegate”in təsisçisi Kvon keçmiş həyat yoldaşına şirkətinin 35 faiz səhmini və 48,2 milyon dollar pul verməlidir. Li Hva-Cin 20 illik nikahdan sonra birgə əmlakın bölüşdürülməsi nəticəsində bu payı əldə edib.

Cütlük “Smilegate” şirkətinin yaradılmasından əvvəl, 2001-ci ildə evlənib. Məhkəmə prosesi zamanı keçmiş həyat yoldaşı biznesin ilkin inkişaf mərhələsində fəal şəkildə kömək etdiyini, eyni zamanda bütün ev işlərini gördüyünü və uşaqları böyütdüyünü bildirib. O, şirkətin səhmlərinin 50 faizinin ona verilməsini tələb edib.

52 yaşlı Kvon Hyeok-Bin isə əksinə, həyat yoldaşının layihəyə sərmayə qoymadığını və şirkətin həmtəsisçisi olmadığını iddia edib. Nəticədə məhkəmə iddiaçının mövqeyini dəstəkləyərək onun ailə sərvətinin formalaşmasına verdiyi töhfəni tanıyıb.