Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktrisası Naibə Allahverdiyevanın səhhətində ciddi problem yaranıb.

OLAY yazır ki, bu barədə Naibə Allahverdiyeva “Qaynarinfo”ya açıqlamasında bildirib.

O qeyd edib ki, son vaxtlar ağrıları şiddətləndiyindən müalicə üçün Türkiyəyə gedib:

“Ayağım illərdir mənə əziyyət verir. Vaxtilə çəkiliş zamanı yıxıldım və ayağım sındı. Sonradan məlum oldu ki, ayağımda bir yox, iki sınıq olub. Təəssüf ki, bunu həmin vaxt həkimlər müəyyən edə bilməyiblər. Artıq 20 ilə yaxındır ki, ayağımın müalicəsi üçün qapısını döymədiyim həkim, xərcləmədiyim pul qalmayıb. Son vaxtlar ağrılarım daha da artdı. Müayinələrdən sonra mənə dedilər ki, ayağımda qığırdaq toxumasının ciddi aşınması gedir”.

“Türkiyədə fəaliyyət göstərən həkimlərdən biri ilə əlaqə saxladım. Mənə dedilər ki, əməliyyat qaçılmazdır və bunun üçün təxminən 15 min ABŞ dolları tələb olunur. Mənim belə bir imkanım yox idi. Müxtəlif çıxış yolları axtardıq. Nəhayət, İstanbuldakı xəstəxanalardan birinə yerləşdirildim. Burada aparılan müayinələr zamanı mənə bildirildi ki, əvvəlki müalicələr düzgün olmayıb və artıq proses geri dönülməyəcək mərhələyə çatıb”.

N.Allahverdiyeva Azərbaycanda aldığı müalicədən narazı olduğunu da bildirib:

“Azərbaycanda müraciət etmədiyim həkim qalmayıb. Təəssüf ki, müalicəyə lazımi səviyyədə yanaşılmayıb. İndi vəziyyət o həddə çatıb ki, artıq çəkilişlərə də gedə bilmirəm. Ağrılarım gündən-günə artır. Hazırda demək olar ki, ağrıkəsicilərlə yaşayıram.

Bir həftədir xəstəxanadayam və müalicəm davam edir. Buradakı həkimlər Azərbaycanda qoyulan diaqnozdan fərqli rəy veriblər.  Ümid edirəm ki, nəticəsi yaxşı olacaq”.