Azərbaycan Üzgüçülük Federasiyası (ASF) üzgüçülük təhsilinin inkişafı, yerli mütəxəssislərin hazırlanması və institusional imkanların gücləndirilməsi istiqamətində beynəlxalq təcrübədən istifadəyə xüsusi önəm verir.

OLAY yazır ki, ASF-nin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, eləcə də Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi proqramının dəstəyi ilə üzgüçülük təhsili və yerli mütəxəssislərin hazırlanmasına dair bir sıra istiqamətlərin inkişaf etdirilməsi məqsədi ilə Boro Ştrumbel əməkdaşlığa cəlb olunub.

2019-2024-cü illərdə Sloveniya Üzgüçülük Assosiasiyasına rəhbərlik etmiş Boro Ştrumbelin kurasiyası ilə məşqçi və hakimlərin sertifikasiyası və lisenziyalaşdırılması, Azərbaycan İdman Akademiyasında tədris prosesinin təkmilləşdirilməsi və “Üzməyi Öyrənək” layihəsinin inkişafı istiqamətində iş aparılacaq. Layihə çərçivəsində uşaqların üzgüçülüyə cəlb olunması, ilkin üzgüçülük bacarıqlarının formalaşdırılması və su təhlükəsizliyi ilə bağlı maarifləndirmənin genişləndirilməsi nəzərdə tutulur. Əməkdaşlığın digər mühüm istiqaməti ali təhsil və praktiki hazırlıq arasında əlaqənin gücləndirilməsi, eləcə də mütəxəssislərin peşəkar fəaliyyətində müasir və vahid yanaşmaların tətbiqidir.

Qeyd edək ki, Lyublyana Universitetinin İdman fakültəsinin dosenti olan Boro Ştrumbel idman elmi, idman diaqnostikası, suda təhlükəsizlik və məşqçi hazırlığı sahələrində geniş təcrübəyə malikdir. O, Avropa Su İdmanı Federasiyasının “Üzməyi Öyrənək” Komissiyasının sədri və həmsədri kimi fəaliyyət göstərib. Hazırda isə Sosial Məsuliyyət Komissiyasına rəhbərlik edir.

Boro Ştrumbelin ekspert kimi cəlb olunması Azərbaycan üzgüçülüyündə mövcud təhsil və peşəkar fəaliyyət mexanizmlərinin beynəlxalq yanaşmalar əsasında nəzərdən keçirilməsinə, sahənin institusional imkanlarının genişləndirilməsinə şərait yaradacaq. Həyata keçiriləcək fəaliyyətlərin üzgüçülük üzrə müasir hazırlıq sisteminin formalaşdırılmasına və idman növünün uzunmüddətli inkişafına töhfə verməsi gözlənilir

Azərbaycan üzgüçülüyündə institusional inkişafa beynəlxalq təcrübə