Azad Azərbaycan Televiziyası bir neçə il əvvəl çəkilən süjetlərinin Türkiyədə təhrif olunması ilə bağlı açıqlama yayıb.

OLAY yazır ki, açıqlamada bildirilib:

“Türkiyədəki bəzi sosial media hesabları ATV-nin 2023-cü ilə aid köhnə xəbər süjetini tamamilə fərqli və təhrif olunmuş formada yeni reportaj kimi təqdim ediblər. Üstəlik, “Azad Azərbaycan” Müstəqil Teleradio Yayım Şirkətinə məxsus özəl yayımçını məqsədli şəkildə “dövlət kanalı” kimi qələmə veriblər.

ATV telekanalı süjetin məzmununun təhrif olunduğunu bildirir, təqdimatın tamamilə həqiqətdən uzaq olduğunu və süjetin real məzmunu barədə yanlış təsəvvür yaratmağa yönəlmiş məqsədli manipulyasiya xarakteri daşıdığını bəyan edir.

Bütün media subyektlərini və sosial şəbəkə istifadəçilərini arxiv materiallarını paylaşmazdan əvvəl onların tarixini, eləcə də məzmununu diqqətlə yoxlamağa və cəmiyyətdə yanlış informasiyaların yayılmasına yol verməməyə çağırırıq”.