Pentaqonun UNO-ların (Uçan Naməlum Obyektlərin) araşdırılması proqramının keçmiş rəhbəri Cey Stretton 1947-ci ildə ABŞ-də yadplanetlilərə məxsus olduğu iddia edilən cəsədlərin tapılması ilə bağlı açıqlama verib.

OLAY yazır ki, Stretton bu barədə “Out of the Shadows” adlı memuarında yazıb. O, hadisə ilə bağlı məlumatları həmin dövrdə baş verənlərdən xəbərdar olduğunu iddia etdiyi mənbədən əldə etdiyini bildirib.

Strettonun sözlərinə görə, naməlum uçan aparat qəzaya uğrayaraq iki hissəyə ayrılıb. ABŞ hərbçiləri hadisə yerində həm aparatın qalıqlarını, həm də onu idarə edən varlıqları aşkar ediblər. Mənbənin iddiasına əsasən, sağ qalan pilotlar yeməkdən imtina edib və insanlarla heç bir ünsiyyət qurmayıblar.

Keçmiş proqram rəhbəri qeyd edib ki, insan olmayan varlıqlarla və onların texnologiyaları ilə qarşılaşmaq UNO-ların araşdırılması proqramında çalışan bəzi əməkdaşların psixoloji vəziyyətinə mənfi təsir göstərib.

Stretton memuarında 2005-ci ildə baş verdiyi iddia edilən başqa bir hadisəyə də toxunub. Onun sözlərinə görə, həmin vaxt həmkarlarından biri ABŞ-də nüvə raketi şaxtasının yaxınlığında çəkilmiş məxfi video görüntüləri ona nümayiş etdirib. Kadrlarda rəngli işıqları olan qara, üçbucaq formalı naməlum obyektin səssiz şəkildə sürətlənərək gözdən itdiyi görünür.

Xatırladaq ki, Stretton 2020-ci ildə Pentaqonun UNO-ların araşdırılması üzrə xüsusi qrupuna rəhbərlik etməyə başlayıb, 2022-ci ildə isə vəzifəsindən ayrılıb. O, həmçinin hərbi podratçı şirkətlərin ən azı 12 yerdənkənar mənşəli olduğu iddia edilən uçan aparat saxladığını bildirib.

Stretton daha əvvəl də memuarında yadplanetlilərlə bağlı məlumatları açıqlayacağını vəd etmişdi. Bununla belə, onun səsləndirdiyi iddiaların müstəqil təsdiqi barədə məlumat yoxdur.

1947-də ABŞ-də yadplanetli cəsədi tapılıb?