Yaponiyanın “Suntory” şirkəti qarın nahiyəsindəki piyin azalmasına kömək etdiyi iddia olunan yeni bir su növü təqdim edib.
OLAY yazır ki, bu barədə “Oddity Central” informasiya yayıb.
Yaponiyanın ən böyük içki istehsalçılarından biri olan “Suntory” “Special Water” (“Xüsusi Su”) adlı yeni “funksional su” məhsulunu satışa çıxarıb. İlk baxışda bu içki adi mineral sudan fərqlənmir — şəffafdır, dadsızdır, kalori, şəkər və ya kofein tərkibli deyil. Lakin məhsul ölkədə “funksional qida” kimi rəsmi qeydiyyatdan keçib. Bu status istehsalçıya elmi araşdırmalarla sübut edilmiş sağlamlıq faydaları barədə iddialar irəli sürməyə imkan verir.
“Special Water”ın əsas xüsusiyyəti onun tərkibində HMPA adlı maddənin olmasıdır. Bu, fermentləşdirilmiş düyü kəpəyindən əldə edilən aşağı molekullu metabolitdir. Klinik sınaqlara əsasən, HMPA-nın müntəzəm qəbulu bədən kütlə indeksi yüksək olan insanlarda qarın piylərinin paylanmasını yaxşılaşdırır və xüsusilə daxili (visseral) piyin səviyyəsini azaldır – bu isə sağlamlıq üçün ən təhlükəli hesab olunur.
“Special Water” əsasən ofis işçiləri və az hərəkətli həyat tərzi keçirən insanlar üçün nəzərdə tutulub. İstehsalçılar bildirirlər ki, bu su yaşam tərzini radikal dəyişmədən sağlamlığı qorumaq istəyənlər üçün uyğundur.
Suntory nümayəndələrinin sözlərinə görə, “Special Water”in davamlı istifadəsi, pəhrizi dəyişmədən qarın nahiyəsində artıq çəkini azaltmağa kömək edə bilər.