Mərhum Xalq artisti Roza Cəlilovanın ölümündən sonra ailəsində yeni qalmaqal yaşanıb.

Bu barədə OLAY-a sənətkarın oğlu Zahid Aslanovun ailəsi məlumat verib.

İddia olunub ki, sənətçinin rəsmi sənədlərdə bacısı qızı kimi qeyd olunan Yeganə Aslanova anasının ölümünü qardaşına və ailəsinə xəbər verməyib.

Məlumata görə, onlar xəbəri digər qohumlarından eşidib və anasının evinə yollanıb. İddia olunur ki, həmin ərəfədə Y. Aslanova R. Cəlilovanın nəşini məscidə aparıb, ardınca mənzilə qayıdaraq evindən fəxri fərmanları, bəzi əşyaları, o cümlədən evdəki “Quran-i Kərim” kitabını götürüb.

Ailənin nəql etdiyinə görə, Y. Aslanova R. Cəlilovanın evində xarici pasportunu unudub. Polis sənətçinin oğlunu soruşsa da, onlara “oğlu yoxdur” deyə məlumat verildiyi iddia edilir.

İddia olunur ki, oğlu saatlar sonra R. Cəlilovanın evinə daxil ola bilib və onun çantası ilə bank kartlarının götürüldüyünü görüb.

Onlar axşama qədər sənətkarın evinə girə bilməyib.

Məsələ ilə bağlı Prokurorluğa və Səbail rayon Polis idarəsinə şikayət olunub, 3 aydır istintaq davam edir.

Nəvəsi Lalə Aslanovanın sözlərinə görə, bibisi Y. Aslanova ona hücüm edib. O, təhsil aldığı akademiyada Y. Aslanovanın xəsarətinə məruz qalıb.

Bununla bağlı Nəsimi rayon Məhkəməsində Y. Aslanova İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib.

Ailənin redaksiyamıza təqdim etdiyi materiallara əsasən, Y. Aslanovanın evə daxil olduğu ilə bağlı kamera görüntüləri və şahidlər var.

Qeyd olunub ki, Y. Aslanova əslində R. Cəlilovanın bacısı Lena Cəlilova ilə Aslan Aslanovun qızıdır.

Ailə məsələnin həlli ilə bağlı Hüquq Mühafizə orqanlarına müraciət edir, onlar R. Cəlilovaya sağlığında təqdim olunan mükafatların, fəxri fərmanların özlərinə qaytarılmağını istəyir.

OLAY qarşı tərəfin də mövqeyini dərc etməyə hazırdır.

Qeyd edək ki, R. Cəlilova sağlığında qızını brilyantlarını qaytarmadığına görə, polisə vermişdi.