Bu gün Azərbaycan televiziyasının dəyişməz simalarından olan, Əməkdar artist Nərgiz Cəlilovanın ad günüdür.
OLAY hər zaman gözəl və fit görüntüsü ilə çox danışılan, peşəkar aparıcı ilə əlaqə saxlayıb.
O, ad günü təbrikimizə görə təşəkkür etsə də, uzun müsahibə vermək istəmədiyini bildirib:
“Ad günümdə müsahibə verməyi heç sevmirəm. Mənim üçün adi bir gün kimidir. Sevinirəm ki, bir yaş da irəlilədim, hələ sağam. Amma xüsusi müsahibə verməyə utanıram. Özüm özüm haqqımda nə danışacam?”.
Qeyd edək ki, Nərgiz Cəlilova 1960-cı il iyun ayının 10-da Bakıda dünyaya gəlib. O, 1978-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olunur. Akademiyanı bitirəndən sonra televiziyada müsabiqə olduğunu eşidib və ora qatılmaq qərarına gəlib. Müsabiqədəki komissiyanın tərkibində məşhur diktor Rafiq Hüseynov da olur. Bir neçə mərhələni uğurla keçən N. Cəlilova yaxşı nəticə əldə edərək, müsabiqədən tam formada keçərək 1983-cü ildə Azərbaycan televiziyasında çalışmağa başlayır. Sonralar Rafiq Hüseynovla Nərgizin ustam müəllim münasibəti dərin dostluğa çevrilir. Onlar birlikdə bir neçə mahnı da ifa edirlər. 15 ilə qədər Az TV-də çalışan diktor 1998-ci ildə doğma televiziyasından ayrılmalı olur. Sonrakı illərdə isə ABA, Space və Lider kanallarında fəaliyyətini davam etdirir. O, 2009-cu ildə Xəzər TV kanalında "Pəncərə", 2015-ci ildə isə AZ TV-də "Sevilənlər" adlı verilişin aparıcısı olub. Müxtəlif TV layihələrdə uğurla iştirak edib. Tələbələr və ardıcıllarını yetişdirib.